Elşən Əzim - QALMADI

Ədəbiyyat 19:00 / 28.01.2026 Baxış sayı: 309

Bağladım ömrün nərdini,

Atmağa zərim qalmadı,

Elə müşkül yola düşdüm,

Yönüm, səfərim qalmadı.

 

Sükuta küydə vuruldum,

Yanğıya neydə vuruldum.

Uçurdum, göydə vuruldum,

Qanadım, PƏRim qalmadı.

 

Xəzanım, gülüm də birdi,

Alovum, külüm də birdi.

Olum da, ölüm də birdi,

Xeyirim, şərim qalmadı.

 

Ağlar bildim gülən ömrü,

Mənə sarı gələn ömrü.

Hara yazım qalan ömrü?

Bitdi dəftərim, qalmadı.