Günel MÖVLUD - ANALARIMIZ...

YAZARLAR 18:00 / 27.01.2026 Baxış sayı: 1035

Çayniki güllərin dibinə boşaldan, çay puçalının gübrə olduğuna inanan analarımız. Evdə iş qurtaranda böyük qazanlardakı yeməyi balaca qazanlara boşaldıb, özünə iş düzəldən analarımız. Hamı çay içəndən sonra çaydanda qalan suyu qrafinlərə boşaldan, qaynanmış suda mikroblar öldü düşünüb, ürəyi rahat olan analarımız.

Dövlət, şirkət işlərindən özünü evə yetirib, yorğun canı ilə yemək hazırlayan, salat doğrayan, süfrə açan, balaları yemək yedikcə canından yorğunluq çıxan fədakar analarımız...

Atalarımız bizi vurmaq istəyəndə bizi tutub yan otağa çəkən, guya özü döyəcəkmiş kimi teatr quran, yan otaqda bizə üz-gözünü əyib, yalandan ağlamaq səsi çıxarmağımıza işarə edən, çoxbilmiş analarımız...

Analarımız, gözəl analarımız...Sevmədikləri kişilərdən bizə görə boşanmayan, döyüldükləri evlərdə bizə görə oturan, balasının boynu bükük qalmasın, balası ata yoxluğu çəkməsin deyə, dözüb, yaşayan analarımız...

Analarımız, gözəl analarımız...Mətbəxə keçmişkən çay qoyan, hamama girmişkən bir-iki paltar ovan, ayağa qalxmışkən döşəmədən nəsə qaldıran, qollarına yazığı gəlməyən, bekar qalmağını günah sayan analarımız...

Dünyanın, ömrünün, kişinin pisliyindən balalarına sığınıb, "təki balamın canı sağ olsun" deyərək, bütün ümidlərini bizə bağlayan analarımız...

Analarımız, gözəl analarımız...Xəyanətə, laqeydliyə, dəyərsizləşdirilməsinə bizə görə dözən, dünyanı bir tükümüzə qurban verən analarımız...

Milyonçu olsaq da, böyüyüb, eşşək qədər olsaq da, bağladığı bankadan, bişirdiyi çörəkdən payımızı ayıran analarımız...

İmkanı yaxşı olan övladından pul alıb, imkanı pis olan balalarına verən, məişət Robin Qudları analarımız...

Kaş bu qədər fədakar olmazdınız. Kaş, bir cıqqan daha az sevəydiniz bizi. Kaş, bir azca da özünüzü sevəydiniz, özünüzü düşünəydiniz...