ÜZÜ DÖNMƏZ - yazdı SÜLEYMAN ABDULLA.
Dönər zamanın çarxı,
Hər kəs özünə dönməz.
Tanrıyacan çatsa da
Nəfəs özünə dönməz.
Nə qaldı yadındakı,
Nə vardı adındakı.
Bir quş qanadındakı,
Qəfəs özünə dönməz.
Baxma yara-yarağa,
Güllə gəlməz darağa.
Çevrilər son marağa,
Həvəs özünə dönməz.
Gediş var bağır dələn,
Gəliş var ağır bələn...
Nə gedəndi o gələn
Nə səs özünə dönməz.
Xeyir nədir, nə, Şər nə
Təzə nədir, nə, tər nə...
Dönməz özünə hər nə,
Hər kəs özünə dönməz.