Təranə Məmməd - Gecə
Çox uzaqlardan bir etiraf.
Durmuşuq üz-üzə; bir mən, bir də sən.
Əlim əllərində, gözüm gözündə.
Qoşa çinar kimi yanaşıyıq biz,
Necə də məğruram məğrur önündə.
Toxun saçlarıma əsən meh kimi,
Dağılsın tellərim pərişan olsun.
Sən düş ətrafıma həzin şeh kimi,
Hər damlan böyüyüb bir ümman olsun.
Bürünüm qoy zərif Ay örpəyinə,
Zərindən aləmə işıq saçılsın.
Üşüsəm sığınım dərinliyinə,
Gözləyim qoynunda səhər açılsın.
Vurğunam sehirli gözəlliyinə,
Gözümdə sürməmsən, telimdə rəngsən.
Günəş qibtə edir özəlliyinə,
Necə şahanəsən, necə gözəlsən.
Gündüzdən ayrılıb sənə gəlirəm,
Sirrimin, duyğumun şahidi gecə.
Dərin sükutunda tam dincəlirəm,
Ən şirin yuxumun sahibi gecə.
Sirlər məskənisən, köksün qaranlıq,
Nağıl möcüzəli, ulduzlu gecə.
Sən ey qaranlıqdan yaranan varlıq!
Sənintək leylanı sevməyim necə?