Xanım İsmayılqızı - ÖYRƏNDİM
Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,
Yenidən oda düşməyi külə öyrətdim, öyrəndim.
Damlaları qucaqlayıb, sığalına qarışmağı,
Gözlərimə alışmağı selə öyrətdim, öyrəndim.
Hər kəlməyə sahiblənib, yiyəsinə çevrilməyi,
Susa-susa danışmağı dilə öyrətdim, öyrəndim.
Küləyin əlindən tutdum, yağışın dilindən tutdum,
Gecəmin belindən tutdum, çölə öyrətdim, öyrəndim.
Səsimin yazını aldım, nəbzini yaşa köklədim,
Bu canımı bu ruhuma kölə öyrətdim, öyrəndim.
Ləpələrin qucağında sehirlənib rəqs edərkən,
Dərdin dibinə çökməyi lilə öyrətdim, öyrəndim.
Həmdən-həmə, dəmdən-dəmə ətri bəyan eyləməyi,
Ömür daşını öpməyi gülə öyrətdim, öyrəndim.
Həyatımda qəmimi də, ürəyimdə bəmimi də,
Mizrabımla simimi də zilə öyrətdim, öyrəndim.
Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,
Yenidən yada düşməyi külə öyrətdim, öyrəndim.
28 yanvar, 2019.