Ayaz Arabaçı -
Bu da soyuq yanvarın
çöldə son xırıltısı.
Nə yır-yığış səsi var,nə qapı cırıltısı.
Burda gecələyirik,
Burda sabahlayırıq,
Hər gün ayrılaq deyib, sabaha saxlayırıq.
O qədər kiçilib ki,
Qovuşmağa məsafə,
Nə həsrətə yer qalıb aramızda nə səhvə.
Bu ayrılıq deyil ki, belə ayrılıq olmur.
Bizə aid nə varsa
Bir ayrı hüsndədir.
Həyat könül dadında, ürək ölçüsündədir.
Necə vermişik axı,
Ayrılığa qərarı,
Ayrı qala bilərmi çiçəyindən bir arı.
Yüz-yüz mövzudan doğduq,
Min-min mətndən çıxdıq,
Gəlib tapışanadək neçə bətndən çıxdıq.
Bu ayrılıq deyil ki, belə ayrılıq olmur.
Hansı dəli fürsətə
Bəhanə istəyirik.?.
Min ildi ayrıydıq də, daha,nə istəyirik..
Ən ağır sınaqlardan
mübariz çıxsın deyə,
Gizlində bu sevdanı şahanə istəyirik.
Bu ayrılıq deyil ki, belə ayrılıq olmur.
Unut, yəni unutmaq
Sənə belə asansa,
Mənim ruhum ordadı, sən indi hardasansa.
Köksümüzü dayadıq
Eşq adlı bir xəncərə,
Eyni yerə açılır iki başqa pəncərə.
Sənin isti nəfəsin
Günəş kimi qızdırır,
Hardan boş yer tapırsa, ordan ümid sızdırır,
Bu ayrılıq deyil ki, belə ayrılıq olmur.
Yağıram sənə qartək,
yağıram qalın-qalın,
Yüzdən aşağı düşmür qayıdış ehtimalın.
Məni düşünən kimi
Günəş doğur üzündə,
Neyləsən də pozulmur adım tələffüzündə.
Əgər bu ayrılıqsa,
Bəs niyə xoş gedirsən.?.
Ayrılıq vağzalına əlləri boş gedirsən.
Bu ayrılıq deyil ki, belə ayrılıq olmur...