Ay Bəniz Əliyar - Yenə səksəkədə yollar, küçələr...
Yenə səksəkədə yollar, küçələr,
Ayaqlar altında qalıb buludlar.
Kimi yatağında rahat gecələr,
Kimi yatağında ağlayar, dolar.
Çətin bu yolların buzu əriyə,
Həsrət ömrümüzün qışı ağırdı.
Ağlımız qılıncdan itidir deyə,
Bizim başımızın daşı ağırdır.
Yolumuz bir tikə ümid gətirmir,
Yağır üstümüzə min bir nalə, ah...
Bizi çoxlarının gözü götürmür,
Bizi bəxtimiz də sevməyir, Allah.
Pəncərə işığı AYdan asılıb,
Gecə yamaq atır qəmli pərdəyə.
Bizim alnımıza hicran yazılıb,
Qəlbimiz sevgiylə yaşayır deyə.