Məmməd Qədir - Oyy...
Səni söyüd qədər oxşayan yoxdu,
Telini ruzigar yolan şair, oyy!
Fürsəti ötürüb, vaxtı keçirib,
Şirin xəyallara dalan şair, oyy!
Dərdim çoxaldıqca bəstəm azalıb,
Çiçəyim seyrəlib, dəstəm azalıb,
Sonuncu gümandan dəstəmaz alıb,
Xatirə namazın qılan şair, oyy!
Ürəyi işıqlı, əli günəşli,
Dodağı göyərmis, , dili günəşli,
Ən qara gündə də çölü günəsli,
Sinəsi dərdlərdən nalan şair, oyy!
Axı nə qazandın, insanı sevib,
Adəmi unudub, şeytanı sevib,
Cənnətdən qovulan Həvvanı sevib,
Allahın gözündən salan şaır, oyy!
Qartal bivəfadı, dağ özü bilir,
Min rəngə çevrilir ağ, özü bilir,
Doğrunu doğuran haqq özü bilir,
Bu dünya yalandı, yalan, şair, oyy!
Sən yoxsan, bir varın qiyməti yoxdu,
Zənginin söz boyda sərvəti yoxdu,
Əcəlin tülkücə cürəti yoxdu!
Qurdla qiyamətə qalan şair oyy!