Kəramət : - FƏXRİ XİYABAN ŞUŞADA OLMALI...

YAZARLAR 08:00 / 12.11.2024 Baxış sayı: 567

 

NECƏ Kİ.."BAKSOVET" METROSU

"İÇƏRİŞƏHƏR " OLDU

Fəxri Xiyabanda uyuyan və yaxud orda uyumaqla mükafatlandırılan bir şairin anım günüydü və qəbrinin üstünə gül qoynaq mərasimində iştirak etməklə mükafatlanmışdım. Məndən qabaqda yeriyən adlı-sanlı iki yazıçı xısın-xısın söhbət edirdi və bir qəbrin yanından keçəndə filan-filan romanları "KKB-nin sifarişiylə" yazdığını pıçıldadılar, qulağım çaldı və utandım. Ona görə ki, o əsərləri sevərək oxumuş, vətənsevərliyinə qibtə eləmişdim indi mərhum olan Xalq yazıçısının.

Nə əlaqəsi var?-bilmirəm, ancaq onu bilirəm ki, 90-cı ildə Bakının milliliyini itirməsi haqqında jurnalın sifarişilə həcmli məqalə yazdım-"Şəhərin bəzəkləri, yamaqları" . "Azərbaycan" jurnalındakı həmin məqalədə "Baksovet" metro çıxışının adının dəyişib "İçərişəhər" qoyulmasını xüsusilə vurğulamışdım-jurnalın Baş redaktoru Y. Səmədoğlu, müavin İ. İsmayılzadə, məsul katib İ. Qasımzadə çox bəyənmişdi...illər keçdi, "Baksovet" "İçərişəhər" oldu..O zamanlar Nüşabə Məmmədli "Kirovabad"ın adının "Gəncə"ylə əvəzlənməsini AJİ-nın qurultayında cəsarətlə irəli sürmüş və mənim indi də təəccübümə səbəb İsmayıl Şıxlının Nüşabə xanıma sərt etirazıydı.

Yeri gəlmişkən; Sumqayıt hadisələri baş verəndə Mirzə Xəzərin mənim Sumqayıta həsr etdiyim "Hava vurun bu şəhərə" şeirimi "Azadalıq" radiosundan səsləndirməsi tamamilə möcüzəydi. Nə Mirzə Xəzərlə, nə də "Azadlıq" radiosuyla uzaqdan-yaxından əlaqəm yoxdu. Bütün bunların xeyirxahı Yusif Səmədoğluydu; çünki 5-10 şeir vermişdim "Azərbaycan"a və hələ çap olunmayan o şeirlərin içində Sumqayıtın ekololoji-sosial durumuna yazdığım şeir də vardı, respublikadan bu körpünü də ancaq Yusif müəllim qura bilərdi, burası dəqiqləşdi.

Söz bir az uzandı, bilirəm, onu da bilirəm ki, Şuşada Fəxri Xiyaban olacaq və Qarabağ şəhidləri orda dəfn olunacaq , bu proje bir simvol şəklində də ola bilər. Amma hökmən olacaq, vacib və qaçılmazdı..

Şuşadakı Fəxri Xiyabanı ziyarətə dəvətli olmasam da gedəcəyəm. Çünki sevgi siyahıyla olmur.