Könül Nuriyeva -Söhbət etmək...

YAZARLAR 12:38 / 14.12.2025 Baxış sayı: 1117

 

 

Cins fərqinə baxmayaraq, tutaq ki, biri ilə münasibətə başlamısınız: o, ya sənin rəfiqəndir, ya da sevdiyin insan. Əgər siz söhbət edə bilirsinizsə, əgər söhbətin ortasında onun simasında səbirsizlik ifadəsi sezmirsinizsə, əgər siz özünüz də söhbətin sonunda yorğunluq yox, həzz yaşayırsınızsa, bu insanla yola başlamağa dəyər.

Əks halda, söhbətinizin alınmadığı insan dünya gözəli qadın, ən yaraşıqlı kişi, işi olan, dünyagörüşü olan, içməyən, davranışı və nitqi əla olan biri olsa da, davam etməyin.

Qarşıda uzun yol var: siz isə ruhunuzu dərinliyi, fikirlərinizi əhatəliliyi, ürəyinizi xırdalıqlarına qədər ona açmalısınız. Sizi dinləməyən biri nə dost olur, nə sevgili, nə ər, nə arvad, nə övlad...

"Susmaqla danışırlar" tipli cümlələr isə bekar adamların uydurmasıdır, inanmayın.

Söhbət etmək fəlsəfədir, yenidən həyatı yaşamaqdır, həm də yüksək səviyyədə yaşamaqdır.

Mən söhbət edə bilməyəcəyim o qədər insanı peşiman olmadan həyatımdan silmişəm. Və vaxt keçdikdən sonra, məntiqli hərəkət etdiyim üçün özümü alqışlamışam.

Və söhbət edə biləcəyim, söhbətin sonunda mənə də, özünə də intellektual zövq yaşadan insanlardan bərk yapışmışam və hələ də peşiman deyiləm. Bu dünyada ən gözəl hal var: ürəyin istədiyi zaman birinə zəng etmək, yazmaq və fikir bölüşmək.

Söhbət etmək iki qəlbin, iki fikrin və ki düşüncənin dünyaya yenidən gəlməsidir. Söhbət etmək körpənin doğuluşudur. Onu böyütmək üçün illər və iki insanın birlikdə yolu lazımdır.