Faiq Balabəyli - TANRIYA XİTAB

Ədəbiyyat 07:50 / 16.12.2025 Baxış sayı: 356

 

Sən nəyin peşindəsən

sən nəyi arayırsan

gözlərin susuz qalan

səhranı xatırladır-

qurudur, qupqurudur.

Amma yenə təmizdir

durudur, dupdurudur.

 

Sevinə bilmirəm ki,-

xoş gün atın belində

mən piyada, sərsəri.

Hardan durub baxırsan

bircə kəlməsi ilə

yaradan göyü, yeri?

 

Üzünü yan çevirmə

mərhəmətin böyüksə,

Həsrət, əzab, intizar

qəlblərdə ağır yüksə

heç olmasa yerə en

yürü, üstünə yürü.

 

Hansı işıqdan deyək,

hansı nurdan danışaq;

hər yanı tutqun, zülmət

görmək istəyən ürək,

varsa, həmin ürək də

qaradır, qapqaradır...