Əşrəf Veysəlli - İNSANAM
Kiməsə ümidəm, kiməsə evəm,
Gah quru odunam, gah körpə şivəm.
Arxamda babam var, qarşımda nəvəm,
Həm gecə gözləyir, həm səhər məni.
Bəlkə bu torpağın arzularıyam,
Odlu çiçəyiyəm, bəyaz qarıyam.
Gərək həqiqəti gəzəm, arayam
Yorduqca çübhələr, bəlkələr məni.
Bu yolda saçıma nur ələnibdir,
Dağlar mənə baxıb qürrələnibir.
Görcək qoşun- qoşun cərgələnibdir
Vələslər, palıdlar, cökələr məni.
Olsam da yolları ,qolları bağlı,
Demərəm heç vədə haqsıza haqlı,
İçimdə bir duyğu əli bıçaqlı
Yoxsa tikə- tikə tikələr məni.
Diriykən bir alay, bir qoşun ollam,
Ölsəm qarışqanın, ya quşun ollam.
Əriyə- əriyə qurğuşun ollam,
Düşmən boğazına tökələr məni.
Yolum insanlığın yolundan çətin,
Ən ağır gündə də mətinəm, mətin.
Sinəmdə yeri var hər məmləkətin,
Bəs niyə qorumur ölkələr məni?!
Dünənə, bu günə, sabaha görə,
Bu suya, havaya, torpağa görə,
Qorx ki, Araz boyda günaha görə
Nəsillər çarmıxa çəkələr məni.
Səması ulduzlu, qəlbi çiraqlı,
Bütün arzuları günəşə bağlı,
Azadlıq nəğməli, ağ gün soraqlı
O tül axşamlara bükələr məni.
Bu fikir hayandan düşdü beynimə,-
Gecəni kürk bilib geydim əynimə.
Cavanlıq dağları yıxdı çiynimə,
Qocalıq torpağa yük elər məni.
Hələ nə qədər ki döyünür ürək,
Vətən qan istəsə ona can verək.
Məsləkim uğrunda deyirəm gərək
Bu tayla o taya tikələr məni.
Dünyada nə qədər dava- dalaş var,
Sinəmda ağrı var, gözümdə yaş var.
Köksümdə min tufan, min ixtişaş var,
Soyuq məzarda da silkələr məni.
Polaq əzələmdir məğrur qayalar,
Büllur bulaqlardan sinəm pay alar.
Öləndə məzarda basdırmayalar,
Gərək bu torpağa əkələr məni!
1976- cı il.