Elnur Uğur Abdiyev - Səsinin başına qırmızı bağla...

Ədəbiyyat 10:40 / 05.01.2026 Baxış sayı: 3407

Səsinin başına qırmızı bağla,

Könlünün gözünə bir azca göy qat.

Təpədən- dırnağa yaşıla bürün,

Oyat, qəlbindəki o eşqı oyat!

 

Turandan Qurana gəldiyin yolda,

Əqidən fikrinin səması oldu.

Səni sən eyləyən şəhid oğullar,

Hər biri bir namus qalası oldu.

 

Enməz bayrağından kölgə düşən yer,

Dünyada ən ali ocağım,pirim!

Gurlasın qoy ərzi lərzə gətirsin,

Üzüağ müzəffər Vətən şeirim!