Ələddin Əzimli - HƏR ŞEY TƏRSİNƏ

Ədəbiyyat 12:26 / 05.01.2026 Baxış sayı: 1176

 

"Sözlərdəki sən"dən

Keçəcək

yandırıcı istilər də.

Soyuyacaq

torpaq da, daş da.

Yarpaqlarını tökəcək

bu qoca ağac da.

Günbəgün

qısalacaq ömür-gün.

Bayırda

azalacaq səs-səmir.

Ancaq qəribədir,

çox qəribədir,

gəlməyəcək səndən

təzə bir xəbər.

Bu bir həqiqətdir,

uzaqlaşırsan məndən

anbaan,

zaman-zaman.

Gündə

xeyli xəbər gəlir

yadlardan, doğmalardan,

irili-xırdalı müharibələrdən,

xəstəxanalardan.

Çoxalır

çarəsiz dərdlər.

Hamı məsləhət verir,

itirir mənasını öyüdlər.

Qəmgin-qəmgin

başını dikir aşağı

adamlar, ağaclar,

məcnun söyüdlər.

Dövrəmdə isə

hər şey tərsinə,

çarəsiz,

ölçüsüz-biçisiz.

...Heç özüm də bilmirəm,

nə deyəsən bu gedişata-

işlərin beləsinə?..