Aləmzər Sadiqqızı - Qayıtmaqmış neçə-neçə baharlara...

Ədəbiyyat 10:00 / 05.01.2026 Baxış sayı: 1761

 

Səni sevmək,

son günahım olsun gərək...

Səni sevmək, ilk savabım olsun deyim,

Səni sevmək bu dünyayla tanışlığım,

sevənlərə ilk cavabım olsun deyim...

Səni sevmək, bu qaranlıq həyatımda,

Bir möcüzə işıq görmək...və tutunmaq,

Səni sevmək, hər ağrımı, hər acımı ,

Yaşadığım günah varsa...və unutmaq.

Səni sevmək, bu dünyaya heyrətimdir,

Bəlkə elə nələrəsə həsrətimdi...

Dadmadığım, qoxusunu duymadığm,

Nəsnələrə aldanmağım, bəslərimdi

Səni sevmək, dərs almaqmış pisliklərdən,

Arınmaqmış içindəki mələklərdən.

Səni sevmək, şeytanlardan, iblislərdən,

Uzaq durmaq gərək imiş kələklərdən.

Səni sevmək, mənim üçün ölənləri,

xatırlamaq, sevilməyi yad etməkmiş...

Səni sevmək, qosulmaqmış durnalara,

Köçüb-köçüb uzaqlara

getmək imiş...

Qayıtmaqmış neçə-neçə baharlara...

5.1.2025.