Zəlimxan Yaqub - Ay Zəlimxan, ağı desin ozanlar...
Aldanmışam sərvətinə dünyanın,
Ömrüm günüm yalan mənim, puç mənim,
Nahaq yerə yaxasından yapışdım,
Təqsir mənim, günah mənim, suç mənim.
Beş-altı gün yas paltarı geyərlər,
Hərdən yaxşı, Hərdən Yaman deyərlər,
Ehsanımı şirin şirin yeyərlər,
Qırxa qədər yeddi mənim üç mənim.
Qələm alsın baş daşımı yazanlar,
Bel götürsün məzarımı qazanlar,
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim.