Adilə Nəzər - Ümidlə, susqunluqla

Ədəbiyyat 09:50 / 09.01.2026 Baxış sayı: 845

***

Ümidlə, susqunluqla

Sakit bir səhər kimi

başladığın da olur...

Bir də baxıb görürsən,

ürəyin səndən əvvəl

susub – sanki yorulub.

Ya da tufana düşüb,

fırtınaya tutulub...

Bir də baxıb görürsən,

parlatdığın o adam bulanır gözlərində,

bir vitrin közələnib alovlanır əksində.

Anlayırsan ki, artıq

adını çağıranda

xətanı çağırmısan, yanılmısan

əslində.

Atalar yalan deməz –

Doğrudan, əmək gərək

lazım imiş hər işə…

Əlin duaya qaçır –

keşkə zaman dəyişə...

Açıq qapıdan keçmək

keçən üçün asandır.

Asan olduğu üçün

dəyərsizdir - eləcə

girəndən qidalanır

səssiz ümidlərindən,

gözündəki işıqdan,

ruhundakı boşluqdan.

Heç bir söz elə-belə

deyilmir, inan mənə.

Qəlb deyilən güzgünün

təkrar sınması varmış.

Qol sınsa dayanmazdı,

dayanmazdı bir bilək.

Buna ancaq dayanar

saf qalan can, saf ürək…

Sonra peşmanlıq gəlir,

amma faydası yoxdur.

Sevgi hisslərdən keçir,

ağılsa hey gecikir…

...Göz yaşının səbəbin

istəmirəm axtaraq.

Hər yaşda öyrənirik –

yaramıza baxaraq.

06.01.2026