SÜLEYMAN ABDULLA - SƏNƏ YAZDIĞIM ŞEİR

Ədəbiyyat 09:59 / 09.01.2026 Baxış sayı: 626

 

İlk görüş, son vida bir anda gəldi,

Verdiyin salamı almışdı əlim.

Sən çıxıb gedəndə qaralırdı qaş,

Ağaran qaşımda qalmışdı əlim.

 

Qəfildən itirdim, çaşdım sağ-solu,

Nədənsə qismətin olmadı "ol"u.

Zülmət saçlarında azmışdı yolu,

Gecənin zilinə dalmışdı əlim.

 

Kimsə dedi axı, ölüm də haqdır,

O da günü qara, kəfəni ağdır.

Biləndə heç yerə catmayacaqdır,

Ayrılıq təbili çalmışdı əlim.