Fərhad Tapdıqoğlu - " Eşşəyinizi mənə verin də..."

YAZARLAR 15:15 / 08.01.2026 Baxış sayı: 1147

Məzəli əhvalatlar-8

80-ci illərin əvvəllərində 10 yaşlı Eldəniz, 12 yaşlı bacısı və ata-anası ilə kəndə,yaxın qohumlarının birinin evinə qonaq gedirlər .

Qohumlarının atı da vardı ,eşşəyi də.

Balaca Eldəniz eşşəyi minib gəzməyi çox xoşlayırdı.

Hətta bəzən çörək yemək də yadına düşməzdi.Günün çox hissəsini eşşəyin belində keçirərdi...

...Şəhərə qayıtmaq zamanı çatır.Eldəniz qohumları Barat kişiyə deyir:

---Barat əmi,eşşəyinizi ver də mənə ,Bakıya aparım?

Barat əmi:

--Ay Eldəniz,eşşəyi nətər aparassınız?-soruşur .

Eldəniz:

--Avtobusda apararıq -deyir.

Barat əmi şaqqanaq çəkib gülür :

--Başına dönüm,avtobusda eşşəyi aparmaq olmaz axı...

Yaxşı mən tutaq ki, eşşəyi verdim sənə,sən də nətərsə apardın.Sən əvəzində mənə nə verəssən?

Eldəniz:

--Papama deyərəm pul verər- deyir

Barat əmi :

--Yox,papayın o qədər pulu hardandır ? Ğüjü çatmaz .Çox bahadır ee eşşək-Eldənizə sataşır.

Eldəniz :

--Barat əmi,onda eşşəyi bacımnan dəyişək.Bacım Sizdə qalsın,mən eşşəyi aparım-deyir.

Barat əmi bərkdən gülərək:

--Ay səni Eldəniz,heç nə lazım dəyil,eşşəyi verdim sənə - deyir ...

...Təbii ki,Eldəniz eşşəyi Bakıya apara bilmir.Amma bir iki il eşşəyi minib gəzmək həvəsi ilə Barat əmisi gilə qonaq gəlir...

İndi də Eldənizin eşşəyi bacısı ilə dəyişmək istədiyini xatırlayanda "dodağımıza gülüş qonur".))