Ramiz Göyüşdən :- "SƏMƏD VURĞUN İLİ" təklifi
Əziz dostlar! Yeni At iliniz bir daha mübarək , düşərli və uğurlu olsun.
Bu il bütün dövrılərin ən böyük söz adamlarından biri, Böyük Səməd Vurğunun 120 illik yubiley ilidir. Əminəm ki, Səməd Vurğun ocağına böyük sevgisi, məhəbbətti və hörməti olan Prezidentimiz, Cənab İlham Əliyev bu mühüm ədəbi, mədəni və ictimai hadisəni öz Sərəncamı ilə rəsmiləşdirəcək.
Bununla belə hesab edirəm ki, bütün Vurğunsevərlər üçün 2026-cı il "Səməd Vurğun ili" kimi tarixə düşəcək və bu il böyük ədəbiyyat adamı və ictimai xadimin 120 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd ediləcəkdir.
Qeyd etməyi zəruri hesab edirəm ki, bu ilə öz dəyərli töhvəsini görkəmli rəssamımız Nəvai Metin təqdim edərək sosial şəbəkədə öz profilində paylaşıb. Düşünürəm ki, əgər Vurğunsevərlər tərəfindən dəstəklənərsə bu portret həm də "Səməd Vurğun ili"nin loqosu ola bilər. "Səməd Vurğun yaradıcılığı küll halında dünya görçüş. sinəsi xəzinə. ağsaçlı müdrik bir qocaya bənzəyir, Bu qocanın sinəsindəxalqın nağıl və dastanları, atalar sözləri. məsəlləri, muğamı. aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır.
Bu Qoca Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının "Avesta" dövründən bu günə qədərkitarixi-Nizami qüruru, Xaqani mübarizliyi, Füzuli kədəri, Nəsimi hikməti, Vaqif səmimiyyəti,Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin "Azərbaycan" şeiridir."(Bəxtiyar Vahabzadə)
Həmin şeiri və dostumuz Nəvai Metinin yeni çəkdiyi portreti Sizlər üçün təqdim edirəm.
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.
Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!
1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib. Bu şeir Vurğunun ideyasına görə həm də “Azərbaycan” epopeyasının proloqudur