Şakir  Xanhüseyn - DİVAR

Ədəbiyyat 17:40 / 09.01.2026 Baxış sayı: 298

 

Divarım ucamı, çatmırmı əlin,

bəlkə istəyirsən özünü asmaq?

Mən ki heç bir zaman çalışmamışam

kiminsə önündə divar olum, bax.

 

Göz qoy divarıma, daşdan ha deyil,

eh, qumun, palçığın məndə nə işi.

Zərif duyğuların iziycə gedən,

dəmirin, qadağın məndə nə işi.

 

Divarım vardırsa, uçur, acıma,

külüngün işləsin, belin işləsin.

Əl-qol işlədənin gücü nə gəzir,

deyirəm bir az da beyin işləsin.

 

Adla üzərindən, keç divarımın,

sanma baş verənlər haqq divanıdı...

Sona yetməyibsə ömrüm hələ ki,

ağrı-acıların, bil, davamıdı...