Ələsgər ƏLİOĞLU  -DÜNYA , ÇƏK İTİNİ QILÇINA BAĞLA

Ədəbiyyat 18:33 / 08.01.2026 Baxış sayı: 700

 

Bərk tut, boğazından çıxar xaltası,

Artar hər addımda, artar xətası...

Kim olar ipini sənsiz dartası,

Dünya, çək itini qılçına bağla.

Zingildəyər hansı yoldan ötrü o,

Təhlükədir hər bir yandan ötrü o...

Ölümə də gedər yaldan ötrü o...

Dünya, çəki itini qılçına bağla.

Harda sümük görsə ora atılar,

Şərqdə də, qərbdə də oyun artırar...

Bu yer kürrəsini qana batırar,

Dünya, çək itini qılçına bağla.

Necə də bərk imiş canı bu itin,

Dolubdu sancıyla qarnı bu itin...

Deyərlər yiyəsi hanı bu itin,

Dünya, çək itini qılçına bağla.

Dişini qıcayar, qıcığı artar,

Nəfsini bu dağdan-o dağa atar...

Köpəyi azalar, qancığı artar,

Dünya, çək itini qılçına bağla.

29.07.2025