ZAHİR – insanlığın sənətə çevrilmiş halı.

YAZARLAR 09:37 / 08.01.2026 Baxış sayı: 721

 

Uzun uzadı danışmağı sevsəm də, uzun yazı yazmağı heç sevmədim. Sanki mənim üçün ən əzablı, ağır işdir uzun yazı yazmaq.

Amma qarşımda hələ yarıyacan oxuduğum əziz dostum Zahir müəllimin iti zəkasının məhsulu " RUS GƏMİSİNDƏ İNTİHAR" romanı var. Kitabı oxuduqca ZAHİRİN zahirindən aydın batini gözəlliyi məni valeh edir. Allah ömür versə, kitabı bitirib öz fikirlərimi yəqin ki yazaram.

İndi isə Zahir şəxsiyyəti haqqında bir neçə kəlmə.

Zaman hər insanı sınağa çəkir, amma hər insan zamandan keçə bilmir. Elələri var ki, yaşadıqları illər onları sadəcə böyütmür, mənalandırır. Zahir məhz bu nadir insanlardandır. O, heykəltaraş kimi daşın yaddaşını oyadır, rəssam kimi rənglərə ruh üfürür, yazıçı kimi isə sözə ömür verir. Amma bütün bu yaradıcı keyfiyyətlərin fövqündə duran bir həqiqət var: Zahir böyük ürək sahibidir.

Onun sənəti zahiri gözəlliklə kifayətlənmir. Zahir üçün forma yalnız vasitədir, əsas olan məzmundur. Heykəllərində insan taleyi donmuş anda yaşayır, tablolarında sükut danışır, yazılarında isə oxucu özünü tapır. Çünki o, yaradıcılığa texniki bacarıq kimi yox, mənəvi məsuliyyət kimi yanaşır.

Zahiri fərqli edən ən ali xüsusiyyət isə xeyirxahlığıdır. O, yaxşılığı nümayiş üçün etmir, qarşılıq gözləmir, ad-san axtarmır. Zahir üçün yaxşılıq həyatın təbii axarıdır.

Zahir yaxşılıq edəndə bunu borc bildiyi üçün yox, bundan zövq aldığı üçün edir. Başqasının sevincində öz sevincini tapan nadir insanlardandır. Onun yanında olanda anlayırsan ki, hələ bu dünyada saf niyyətli, təmənnasız insanlar var.

O, başqasının yükünü yüngülləşdirəndə öz ruhunun ağırlaşmadığını, əksinə, işıqlandığını hiss edir. Bu, hər kəsə nəsib olmayan bir kamillik halıdır.

İnsan kimi Zahir bütövdür. Onun zahiri ilə batini arasında uçurum yoxdur. Düşündüyünü deyir, dediyini yaşayır. Sözündə səmimiyyət, münasibətində sədaqət, mövqeyində ədalət var. Belə insanlar çox danışmaz, amma varlıqları ilə danışarlar.

Bu gün sənətin çox vaxt səsə, təmtərağa qarışdığı bir dövrdə Zahir səssizliyin dəyərini qoruyanlardandır. O, hay-küy yaratmır, iz buraxır. Onun heykəlləri, rəsmləri, yazıları qədər, bəlkə də onlardan da artıq, toxunduğu insan taleləri yaşayır.

Zahir haqqında yazmaq asandır, çünki mövzu zəngindir; çətindir, çünki onu sözlə tam ifadə etmək olmur. Zahir sözü hərfi mənada aşkar, görünən mənasında olsa da, Zahirin batinində sirli bir dünya var. O dünyanı görüb duymaqdan ötəri Zahiri oxumağı bacarmaq lazım. Amma bir həqiqət dəyişməz qalır:

Belə insanlar sənətkar kimi yox, insan kimi tarixdə qalırlar...

Idris Babayev

07.01.2026.