“ÜMİD” ƏDƏBİ KLUBU CƏBRAYILIN ƏDƏBİ SİMVOLU İDİ

YAZARLAR 18:32 / 28.09.2024 Baxış sayı: 140

 

Elə bəri başdan deyim ki, bu yazını qələmə alıb, oxuculara təqdim etməyim tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polis polkovniki, şair Əjdər Yunusun feysbukda mənə ünvanlanmış bir sorğusu ilə bağlıdır. Ötən yüzüllüyün yetmiş-səksəninci illərində demək olar ki, bütün rayonlarda çeşidli adlar altında yaradılıb, ədəbiyyat həvəskarlarını bir araya gətirən ədəbi dərnəklər mövcud idi və onların əksəriyyəti rayon qəzetlərinin nəzdində fəaliyyət göstərirdi. Ali məktəbi bitirib Füzulidə işlədiyim üç il ərzində rayonda çıxan “Araz” qəzetinin nəzdində də şair Oruc Sədanın rəhbərlik etdiyi bir ədəbi məclis fəaliyyət göstərirdi. Yerli yazarlardan Mətləb Misir, Vəzir Hacıyev, Mahmud Qacar, Faiq Şükürbəyli, Kərim Kərimli, Süleyman Qaradağlı... ilə yanaşı məclisin ən fəal üzvlərindən biri də mən idim. Yeri gəlmişkən deyim ki, vaxtıyla Azərbaycan Yazıçılar İttifaqının Gəncə (Kirovabad) filialının tədbirlərinə dəfələrlə qatıldığımdan və tələbəlik illərimdə “Ədəbiyyat və incəsənət”, “Kirovabad kommunisti”, “Kolxozçu”, “Ulduz” (səhv etmirəmsə Şəmkirdə, ya da Gədəbəydə çap olunurdu) qəzetlərində və “Azərbaycan” jurnalınada şeirlərim dərc olunduğundan Füzulidəki dostlarım mənə ciddi söz adamı kimi yanaşırdılar...

Belə ədəbi dərnəklərdən biri də yetmişinci illərin əvvəllərində bizim rayon qəzetinin nəzdində yaradılmışdı. Üç ildən sonra pedaqoji fəaliyyətimi öz rayonumuzda davam etdirən kimi həmin dərnəyin bir neçə məşğələsində mən də iştirak etməyə başladım. Həmin vaxtlarda yerli qəzetdə həm publisistik yazılarım, həm də şeirlərim dərc olunmaqda idi. Ancaq düzünü desəm, dərnəyə rəhbərlik edən şəxsin (qəzetin şöbə müdirlərindən biri) hələ bərkdən-boşdan çıxmayan ədəbiyyat həvəskarlarına qarşı (elə yeri gələndə mənim özümlə də) kobudluğu ucbatından, qəzetlə əməkdaçlığımı davam etdirsəm də, dərnəkdən aralanıb, ölkə mətbuatına üz tutdum. Məndən sonra çox keçmədən dərnəyin varlığına son qoyuldu...

1977-ci ilin noyabr ayının sonları idi, rayona gələndən sonra dostlaşdığım və ədəbiyyat sevdalılarının ən fəallarından olan Hüriyyət Məmmədov bir nəfər gənc oğlanla kəndimizə gəlib, mənimlə görüşdü və dedi ki, yeni bir ədəbi məclis yaratmaq arzusuyla rayon komsomol komitəsinə müraciət etmişik. Yəqin ki, bu məsələ tezliklə öz həllini tapacaq.

Bir neçə həftədən sonra elə Hüriyyətin dediyi kimi də oldu. Dekabrın 23-də komsomolun büro iclasında bu məsələyə baxıldı, ad seçiminə gələndə təklif etdim ki, ədəbi məclis “Xudafərin” adıyla fəaliyyətə başlasın. Büro üzvlərindən üç nəfər də mənim təklifimi dəstəklədi. Heyran xanım kiməsə zəng etmək üçün qonşu otaqlardan birinə keçdi və beş-on dəqiqədən sonra qayıdıb dedi ki: “Yoldaşlar bu adı məsləhət bilmədilər. gəlin ayrı ad tapaq! Dedim, bir halda ki, belədir, onda ədəbi məclisimiz “Ümid” Ədəbi Klubu adıyla fəaliyyətə başlasın!” (Bu ad mənə daha doğma idi. 1969-cu ildə işlədiyim orta məktəbdə “Ümid” adlı bir ədəbi dərnək yaratmışdım. Yuxarı sinif şagirdlərindən Əjdər, Fəxrəddin, Mahirə... dərnəkdə fəal iştirak edirdilər. Həmin ilin yaz aylarından birində onların hərəsinin bir şeiri mənim təqdimatımla yerli qəzetdə dərc olunmuşdu...)

1978-ci il yanvar ayının 14-də ədəbi məclisin ilk yığıncağı keçirildi. Tədbirdə otuzdan çox ədəbiyyat həvəskarı, raykomun şöbə müdiri Qorxmaz Bayramov, komsomolun I katibi Heyran Kalbalıyeva, mədəniyyət şöbəsinin müdiri Fikrət Məmmədov, rayon qəzetinin redaktor müavini Ədil Şərifov və digər rəsmi şəxslərlə yanaşı, həmin vaxt rayonda olan “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri Şahmar Əkbərzadə də iştirak edirdi...

“Ümid”in hər ayın 14-də, saat 11-də keçirilən məşğələ günləri aylar-illər keçdikcə öz bəhrəsini verməyə başladı. Klubun ən ümid verən üzvləri,-Hüriyyət Məmmədov, Fərzalı Abbasəlioğlu, Əlirza Xələfli, Tariyel Abbasov, Eldar Məmmədvəliyev, Nəriman Hüseynov, Şakir Albalıyev, Kifayət Əliyeva, Valeh Heydərov, Hüseyn Əfəndiyev, Musa Aslanxanlı, Qorxmaz Abdullayev, Mirzə Mirimov, Vahid Hüseynov, Əhməd Fərhadov, Malik Əhmədoğlu, Tamella Quliyeva, Böyükkişi Heydərov, Əziz Musayev, Kəmalə Həsənova, Əlisahib İsrafilov, Ənvər Mehdiyev, Hüseyn Hüseynov, Alış Kamal, Mərcan Şəhriyari, Əli Eyvazov, Oruc Məmmədəliyev, Zahid Rzaquliyev, Məhəmmədəli Mehdixanov, Həsən Səfiyev və başqaları söz ocağımızın dövrəsində özlərini çox rahat hiss edirdilər...

Adlarını qeyd etdiyim yazarları mənimlə dostluq telləri birləşdirirdi. Məşğələ günləri oxunan yazılar müzakirə olunur, sərbəst şəkildə hərə öz fikrini çəkinmədən söyləyə bilirdi. Fərqli mülahizələrə hörmətlə yanaşır, gənc yazarlarımızın püxtələşməsi naminə əlmdən gələni edirdim. Məclisdə azad və səmimi ab-hava yarada bilmişdim. Burada kinə-qərəzə, acı sözə yer yox idi. Görünür, həmin vaxtlara qədər qəzet və jurnallarda tez-tez yazılarımın yer almasının, bir neçə almanaxda çap olunmağım və ilk kitabın nəşr edilməsi mənə yönəlik ehtiram hissinin başlıca səbəblərindən biri idi...

Günlər, aylar ötüb keçdikcə, sözün əsl mənasında “Ümid” Ədəbi Klubunun səsi-sorağı rayonumuzdan uzaqlarda da eşidilməkdə idi. Şəxsi nüfuzumdan və Bakıdakı bəzi qəzet və jurnallarda işləyən dostlarımdan yararlanaraq ən istedadlı hesab edilən klub üzvlərinin və özümün şeir və hekayələrimin “Sovet kəndi”, “Azərbaycan müəllim”,”Azərbaycan gəncləri”, “Kommunist”... qəzetlərində, “Azərbaycan”, “Kənd həyatı”, “Ulduz”, “Göyərçin”, “Təşviqatçı” jurnallallarında (özü də bəzisində dəfələrlə) dərc edilməsinə yardımçı olmuşdum. Adlarını çəkdiyim keçmiş yaradıcı dostlarımın əksəriyyəti bu gün həyatdadır. Halal xoşları olsun, heç birindən qonqalıq nədir, heç bir çaynik çayın da təmənnasında olmamışam. O vaxtlar da, elə Mingəçevirdə AYB-nin bölməsinə rəhbərlik edəndə də dost kimi qolumdan yapışanları özümlə bərabər qabağa aparmış, ayaqlarımdan dartan bədxah, paxıl cızmaqaraçıların isə təpiklə sinələrindən vurub, layiq olduqları yerə yuvarlatmışam...

Rayonumuzun işğal edildiyi vaxta qədər “Ümid” Ədəbi Klubunu ayaq üstə saxlaya bilmişikdik. Ədəbi məclisimizin fəaliyyət göstərdiyi on beş ilə yaxın müddət ərzində görkəmli və tanınmış qələm sahiblərindən Sabir Süleymanov, Vaqif İbrahim, Sabir Əhmədli, Hüseyn Arif, Şahmar Əkbərzadə, Fərman Kərimzadə, Oktay Rza, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Eldar İbrahim, Ağasəfa, Adil Cəmil, Rüstəm Behrudi, Məmməd Namaz... ayrı-ayrı dönəmlərdə istəkli qonaqlarımız olublar, gəlişləri “Ümid”in məşğələ gününə tasadüf edəndə, yazarlarımıza xeyir-dualarını veriblər. Ayrı-ayrı vaxtlarda bizi ziyarət edən yaradıcı dostlarımızla, sonrakı dönəmlərdə isə “Ümid”in üzvləri ilə məktəblərdə, əmək kollektivlərində, rayon mərkəzində, yaşayış məntəqələrində dəfələrlə poeziya gecələri keçirmişik. Yerli qəzetdə dərc olunan şeir və nəsr əsərlərimiz klubun öz loqası altnda oxuculara təqdim olunub. “Ümid”lü illərimdə tematık plana əsasən “Gənclik” və “Yazıçı” nəşriyatlarında 4 kitabım, mərkəzi qəzet və jurnallarda üç yüzə yaxın şeirlərim, publisistik yazılarım dərc edilib. Rayonun işğalından qabaq, “Ümid” Ədəbii Klubunun üzvü olan 35 nəfərin şeir və hekayələri mənim tərtibçisi, Zülfüqar Şahsevənlinin isə redaktoru olduğu “Xudafərin nəğmələri” adlı almanaxı “Gənclik” nəşriyyatında çap etdirmişəm.

“Ümid” Ədəbi Kulubu cəbrayıllı yazarların ədəbi simvolu, rayonumuzun sənətə böyük önəm verən sakinlərinin isə iftixar rəmzi idi...

O vaxtlar məsul vəzifələrdə çalışan Vaqif Məhərrəmov (hazırda ehtiyatda olan polis polkovniki, rayon ağsaqqallar şurasının sədri), Heyran Kalbalıyevadan sonra rayon gənclər (komsomol) komitəsinə rəhbərlik edən Vaqif Hüseynov, Ələddin Məmmədov, Qorxmaz Bayramov, Gülzar Behbudova, keçmiş rayon prokuroru Şamil Bağırov, ayrı-ayrı dönəmlərdə rayon qəzetinə rəhbərlik etmiş Sirac Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynov, yerli qəzetin əməkdaşlarından Əmir Abbasov, Əlirza Xələfli, Afər Əhmədov, Sərməst Seydəliyev, Seyfəddin Əliyev, Tənzilə Camalova, Barat Mirkişiyev, Telman Aslanov, həmin illərdəkı təsərrüfat rəhbərlərindən Köçəri Babayev, Əfsər Hüseynov, maarif şöbə müdiri Osman Vəliyev, böyük şahmat ustası və nəzəriyyəçisi kimi adı dillərdə gəzən Şəhriyar Quliyev, bəzi məktəb direktorları (adlarını unutduğum xeyirxah həmyerlilərim məni bağışlasınlar) “Ümid” Ədəbi Klubunun və onun üzvlərinin ən yaxın dostları, təbliğatçısı idilər...

P.S. Yazıda adları çəkilən şəxslərin bir qismi köçkünlük illərində dünyalarını dəyişiblər, Allah onların hamısına qəni-qəni rəhmət eləsin!

P.S.S. Köçkünlük dalğası məni Mingəçevirə atan kimi “Ümid” Ədəbi Klubunun da varlığına son qoydu. Ümid edirəm ki, “Ümid”in “şinelindən çıxaraq, son iyirmi səkkiz il ərzində püxtələşən, böyük bir qismi AYB-yə üzv qəbul edilən yazar eloğlu-elqızlarımla birlikdə (sevindirici haldır ki, son nillərdə onların sırasına xeyli sayda gənc həmyerlilərim də qoşulublar) doğma yurd yerlərimizə qayıdaraq rayonumuzun bərpa-tikinti işlərində fəal iştirak etməklə yanaşı, “Ümid” Ədəbi Klubunun da qəddiniu dikəldəcəyik. Üzü yurd yerinə gedən yolumuz açıq olsun, dostlar!

İSMAYIL MƏRCANLI İMANZADƏ

Mingəçevir şəhəri, 28.09.2021

Şəkilin açıqlaması yoxdur.