Kəmalə Abiyeva : - SƏN ELƏ AZADSAN

Ədəbiyyat 16:58 / 28.09.2024 Baxış sayı: 134

 

Şəhidlərə məktub

 

Torpaq əsirdisə, Vətən şəhiddi,

Bu boyda ağrıyla yaşamaq olmur.

Ey Vətən yolunda şəhid igidim,

sənin ağrını da daşımaq olmur.

Sən öz ağrınla da elə böyüksən,

Sığmırsan nə qəlbə, nə gözə, igid.

Utancdan öləcək sənə nə desəm,

Sığmazsan nə dilə, nə sözə, igid.

Bu torpaq uğruna fəda etdiyin

həyatına qurban, özünə qurban.

Bağrımı yandıran son nəfəsinin

“Vətənim sağ olsun!” sözünə qurban.

Sənə də, mənə də anadır oğul,

Vətən dediyimiz bu Azərbaycan.

Heyf, əvəzinə ölə bilmədim,

Sən anana qurban, mən sənə qurban...

Sən elə azadsan, elə azadsan,

Mən bu azadlığın quluyam daha.

Sən elə rahatsan, elə rahatsan,

Mən isə dönmüşəm gözyaşlı aha.

Sən elə əlçatmaz bir zirvədəsən,

Bilmirəm nə vaxtsa görüşərikmi?

Sən o kutsal Vətən zirvəsindəsən.

Bilmirəm ruhumuz görüşəcəkmi?

Vətəndən halallıq alan igidim,

Sən elə xoşbəxtsən, elə xoşbəxtsən,

Mən səndən halallıq ala bilmədim.

Ömürlük önündə borclu qaldım mən.

 

Hər qarış torpaqda gəzən nəfəsin

“Haqqını halal et!” deməyin deyir.

Həkəri çayına qarışan səsin

“Haqqımı Vətənə vermişəm” deyir.

 

Haqqımı qoruyun, tapdalanmasın.

Qoruyun siz Vətən əmanətimi.

Elə qoruyun ki, canı yanmasın.

Qoruyun Şəhidlik səadətimi.