Sona Vəliyevanın VƏTƏN  ətirli  şeirləri

Ədəbiyyat 10:42 / 27.09.2024 Baxış sayı: 1754

 

ALLAHIN YANINDAYAM, ANA

Salam, Ana!
Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən –
onun yanındayam...
Üfüq ağappaq,
Günəş süd rəngindədir burda...
Şəfqətli əllərini düşünüb,
sağaltmışam yaramı.
Evim çiçəklərdən,
libasım dualardan tikilib.
Yurdun dağlarına
sancıb gəldiyim
bayraq dalğalandıqca
çiçəkdən tikilən evimə
rahatlıq gətirir...
Ana, şəhidlik
Tanrı mükafatıymış,
çoxu sənin payına düşmüş.
Sən göstərdiyin yol
gətirdi məni bura.
“Cənnət anaların ayağı altındadı”
deyincə
ayaqlarına əyilib yığdığım öyüdlərdən
mələklər başıma tac qoyublar indi...
Ana, demə ki, sənə bir gəlin
gətirmədim.
Zümrüd gözlü,
qara telli Qarabağı sevdiyimdən,
könlümdə heç bir qıza yer vermədim.
Leylidən başqa,
Məcnunun kimsəni
sevə bilmədiyi kimi...
Allahın yanındayam, Ana!
Dualarımın qanadları var burda...
Bir ağız duam yetişincə,
bir damla qanım tökülən torpaqdan
çinar boylu,
dəli-dolu,
Vətən sevdalı
min-min oğul 
göyərəcək.
Allahın yanındayam, Ana!
Vətən üçün döyüşmək
Tanrıdan buyruqmuş,
Haqq yolunda savaşmış.
Vətən qurban diləyəndə
Allah ən çox sevdiyini
yanına çağırarmış...
Dostlarım Şuşaya bayrağı
adımı anıb sancdığı gün
adım Vətən olacaq!
Cənnətdən, ağappaq
üfüqlü məkandan, –
şanlı bayraqlı elimə
və sənə yazıram.
Nigaran qalma, Ana!
Allahın yanındayam!

 

ŞƏHİD MƏKTUBU

 

(Naxçıvanda şəhidləri analar qırmızı
xonça bəzəyərək qarşılayıblar.
Sərhəd analarından düşmənə bir də belə
ölümcül atəş belə açıldı...)

Xonça xoş xəbər müjdəsi,
Şükür, anam, mən qayıtdım.
Ruhum yurdun eşq dastanı,
mən də torpağa qayıtdım.

Sən sərhədlər anasısan,
qoy düşmən ağlar görməsin.
Mən bayraqla qayıtdım ki,
yurd üstə bayraq yüksəlsin.

Qurşun, güllə yağışında
duan zəfər çətrim idi,
Hər qarış alınan torpaq,
ay ana, cənnət ətridir.

Sinəmdə açılan güllə
məndən zəfər müjdəsidir.
O qıza de, yas tutmasın,
sevgim, eşqim əbədidir.

Xilaskar kimi gələrəm
o gözəlin yuxusuna.
Kədəri yığsın üzündən,
baxsın dağın duruşuna.


Qoy savaş bitdiyi yerdə
şum başlasın, ev tikilsin.
Toylar sərhəddə çalınsın,
düşmənin gözü tökülsün.


İndi sənə çox yaxınam,
torpağam, çinaram, göyəm.
Hər gün duanda haqq səsi,
“La İlləllah” kəlməsiyəm.


Xonça müjdəli ömrünün
davamı zəfərdən başlar.
Sərhəd qalasına dönən
oğuldan yurdu güc alar.


Darıxanda göylərə bax,
Səməndər quşuyam indi.
Qanadım yer, göy arası,
nəğməm Vətən sevgisidir.


Noyabr - 2020

ƏSGƏR XANIMINA

 

Göz yaşını sil, ay gözəl,
duyuq düşər ayrılıqlar.
Ala gözlərin yaşını
göylərə çəkər yağışlar.

 


 

Bu payız döyüş günündə,
bil, cəbhə də, ev də səngər.
Sən yollara ümid səpsən,
dualardan yol göyərər.

 

Əli qoynunda durma ki,
gedənin küsər səndən.
Belə hönkürüb ağlama,
ömrüm düşər əllərimdən.

 

Otuz ildir səbr üzmüşdü,
bir də sən üzmə qəlbimi.
Gedənin zəfərlə dönər,
sevinc udar dərdlərini.

 

Evin qala bilir əsgər,
ağlama, nigaran qalar.
Payızdı, durnalar köçür,
səndən xəbər apararlar.


Sil gözün yaşını, bil ki,
bayraqtək ucadır sevgin,
Dur, süfrə aç, sevinc payla,
qayıdır qalib əsgərin.


Oktyabr - 2020