Hüsamə Bin Sərxan : - DƏNİZƏ ÇƏKƏN ŞAİR

YAZARLAR 09:53 / 28.09.2024 Baxış sayı: 258

Yüzilliklər boyu xanlıqlar, şahlıqlar, imperatorluqlar əsarətinə məruz qalan azərbaycan insanı hələ də dəhşət, qorxu və vahimələrin təsiri altında çabalamaqdadır. Və bu təsirin gücü indi də bir çoxlarını xoflandırır, ictimai-mənəvi mövqeyindən uzaqlaşdırır. Can atanların yolu isə soyuq və qorxulu həbsxana divarlarının arxasından salınır... Faiq Balabəyli də yolu "burdan" keçənlərdəndi.

Gör nə vaxt gəlmisən yanıma mənim

Ağrısı tutanda ayaqlarımın.

Hər gecə yuxuda üstümə qaçıb

Əli çatmayanda balalarımın...

Bu ağrılı misralar Faiq Balabəylinin nə vaxtsa "Xəzri" şadlıq sarayından oğurladığım "Burda darıxmaq olmaz" şeirlər kitabındandır. Bu kitabdakı şeirlər həm də ona görə maraq doğurur ki, həbsxana divarları arasında qələmə alınıb...

Əslində, paradoksal bir ad daşıyan kitabda şair "qan daman" həbsxana divarları arasındakı nəm və rütubətli "hiss"ləri insanı və dünyanı bəlalardan qurtara biləcək yeganə məkan - "hazırlıq kursu" hesab edir. Elə bir məkan ki, şair təbiətdən və insandan keçərək Allaha doğru gedir; bu qisməti yaşaya bilmək bacarığı, özünü və ətrafını dərkin sonsuz üfüqlərinə qədər genişlənir. "Burda darıxmaz olmaz" fəlsəfəsinin arxasından; "həm də darıxmamaq" - deyə, pıçıldayan şair darıxmağı ibadət ritualı səviyyəsinə qaldırır. Söz yox ki, şairin ibadət obyekti həm "qəddar", həm də "ədalət axtaran"dır. "İbadətə" başı qarışan vaxtlar Faiq real aləmdən uzaqlaşmağa, sadəcə "SUS"mağa üstünlük verir. Dinmə, eləcə sus! Öt və sus!

Necə ki susur Allah

necə ki baxır Allah...

Faiqin bu cür susmaqlığı adicə bir hiss, sadəcə bir romantika deyil. O, susarkən daha əzəmətli, daha məğrur, daha dözümlü görünür.

O, bəzən coşur, qəzəbini, daxilindəki təbəddülatları cilovlaya bilmir. Xüsusən, sinəsində yuva bağlamış yurd-yuva göynərtisi əzaba çevriləndə Faiq aqresivləşir. Çünki məmləkətin bəzi "milli işğalçılar" tərəfindən zəbt edilməsi onun da ağrılı yeridir.

Mən sizi çox istəyirəm lap çox

Dayanın arxamda,

əli baltalıları özüm qarşılayacam

Mən Faiqi hələ "Yeni xəbər" adlı azadlıq müjdəçisini meydana çıxardığı ilk günlərdən tanıyıram. Halbuki, adı "aztirajlı", "tanınmayan" media qurumları arasında hallanan bu qəzet bir zamanlar Danimarkanın "Yutlandes Posten"i ilə döyüşürdü. Vəhşi qərbin şərqə hücumunun qabağına sinə vermişdi. İsveçrədə "İlin qəzeti" nominasiyasının qalibi olan (güman ki, yol xərci tapa bilməyən qəzet hələ də mükafatın ala bilməyib), səsi "Vaşinqton post"a çatan qəzetin harayı qəflət yuxusunda olan bizimkiləri oyada bilməmişdi. Əvəzində qəzetin baş redaktoru Faiq Balabəyli şərlənib zindana salındı və ancaq orda anladı ki, böyük sevgilərin hərdən böyük cəzası da olurmuş:

Mən heç kəsin toyuğuna daş atmadım

heç kəsin qaşınmayan yarasını qanatmadım.

Yalnız təkcə bunu dedim

Dedim: yetər, bu millətdən əl çəkiniz .

Millətimiz qoy qalmasın səfalətin caynağında,-

Bunlar məni həbs etdilər.

Və taleyin ironiyasına bax, belə bir qəzetin üstünə zamanında Vasif Süleymanın dediyi kimi "səlib yürüşü" oldu.

Neynədik ki, bu Vətəni

sevməkdən savayı

Əlimizdən nə gəldi ki

Sevdiyimiz Vətənin

Uğrunda döyüşməkdən savayı...

Faiq həbsxanada olduğu zaman bir yerdə oxumuşdum ki, dostlarının, yaxınlarının övlad toyları onun həbsinə görə ləngiyib; bir-neçə şerini də elə ləngiyən toyların təsirindən yazıb... Doğrudan da, dost sarıdan bəxti gətirib bu adamın! (Sağ əli bizim başımıza!..)

Həbsxana dostu, “xlebnik” olduğu  Aqil üçün yazdığı şeirinin axır-axırı isə mənə şanson janrını, lap konkret desək, Vladimir Vısotskini xatırlatdı:

Səndən danışmışıq bütün gecəni

Maraqla oxunan bir kitab kimi.

Yaddaşa salmışıq olub keçəni

Məndən arxayın ol, hələ ki burda

"Bağbanı" it kimi hürdürəcəyəm,

o qədər lətifə fikirləşmişəm,

çıxanda səni də güldürəcəyəm...

Əslində bu şeirlər acı taleli bir şairin lirik türmə məktublarıdır. Müəllif dünya ədəbiyyatında məşhur olan "moryak-zek-poet" obrazını yaratmaqla, oxucunu tamam fərqli bir dünyayla tanış edir. Nazim Hikmətdən sonra doğma türkcəmizdə bu yöndə oxuduğum ən uğurlu misralardır bunlar:

Çox güman yenə də yuxusunu qarışdırıb,

Özünə yer tapa bilmir o boyda həyətdə.

Vurnuxur sola, sağa

Əli işə də yatmır...

Bəd xəbər yeyin olur,

Yəqin bir azdan gələcək.

Fərli oğul olmadım sənə.

Sevinc payını əsirgəmədim səndən

rahatsız olma, olma...

Kitabda məni ən çox təsirləndirən məqamlardan biri Faiqi şərləyən Ziba xanım üçün də misraların yer almasıdır. Lazımdır, hökmən lazımdır ki, belə adamlar öz yerlərini bilsinlər. Sapı özümüzdən olan baltalarla daha çox ağaclarımız qırılmasın deyə:

Görən axı kimlər durub qəsdinə

Bu ağacın budağını qırıblar.

Balta alıb yeriyiblər üstünə

Bu ağacın budağını qırıblar...

Bəzən Faiqin adicə iki misrasında bütöv bir roman yatır desəm, yəqin ki, yanılmaram:

Mən yaxşı bilirəm tənhalıq nədir,

Səni ömrüm boyu tənha qoymaram...

O, şəhərə dənizin ardınca getmişdi. Bəlkə də əksinə, dəniz onu çağırmışdı. Nə fərqi var? Dəniz onu, ya o, dənizi. Tək gerçək odur ki, onlar bir-birlərinə yaman çox oxşadılar. Bəs görəsən, dünyalar qədər sevdiyi dəniz şairin yuxusuna niyə və həm də niyə "hərdən girir?"

Hərdən dəniz girir yuxuma,

Sahil boyu sürünən

Xırda, narın ləpələr

Dolaşır ayağıma.

Yosun qoxusu gələn havada

Qağayıların səsini

Dənizdən əsən külək

Gətirir qulağıma - deyərək, şair özünün küləkli dəniz təbiətini bir daha ortaya qoyur...

Dənizə bu qədər bağlanmaq da heç insafdan deyil...

Allah dənizi və Dənizi qorusun!!!

Hüsaməddin Əhmədov (Hüsamə bin Sərxan)

Cəlilabad rayonu, Qarazəncir kəndi

27.09.2024