Əlizadə Nuridən  İKİ  ŞEİR

Ədəbiyyat 11:35 / 29.06.2024 Baxış sayı: 853

Allah, bu nə oynamaqdı?

 

Aşığa bax, gözü göynən

Barmağı saznan oynayır.

Üstünü çırpan bir uşaq

Oturub toznan oynayır...

 

Bu şərabdı, ya eşq camı?

Çıx qarşıla bu edamı...

Boğulmaqdan qorxur hamı-

Hamı dayaznan oynayır.

 

Bu ömürdü, ya səfərdi?

Darıxıram, çağır dərdi.

O nəğmə nə bəxtəvərdi-

Bir gözəl qıznan oynayır...

 

Yol dayandı... dayan, adam,

Sənin deyil o yan, adam.

Bəxtiylə oynayan adam

Elə bil köznən oynayır.

 

Hara gedim, hara haqdı?

Mən axsağam, yol ağsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oyn

 

 

Səhra kimi yaşadım...

 

Gətirdiyin havadan,

Son dəfə udum, ölüm.

Sən baxınca ölmərəm-

Gözlərini yum, ölüm.

 

O nəğməni oxuma-

Qar yağacaq yuxuma...

Mən boyda bir toxuma

Olarsanmı şum, ölüm?

 

Sinəm tutmur ahları,

Çağır o sabahları.

Soyundum günahları-

Özümü yudum... ölüm.

 

Uçmağa bir qanad qoy,

Mənə güc qoy, inad qoy.

Bu dərdimə bir ad qoy-

Ölüm, Qorqudum, ölüm..

.

Qoy, özümə daş atım,

Qurumaz bu yaş adım.

...Səhra ömrü yaşadım-

İndi də qum-qum ölüm...