Sabir Zəkullaoğlu : - Müəllim   kimdir?

YAZARLAR 08:53 / 04.01.2025 Baxış sayı: 929

Müəllim bilik və mənəvi zənginliyin daşıyıcısı və ötürücüsür!

Harada yaşayırsan yaşa, həmin məkanda intellektli, savadlı adamlar çoxdursa demək ki, həmin yerin müəllimləri savadlı və fədakardırlar. Çünki müəllim cəmiyyətin lokomotividir. Hesab edirəm ki, cəmiyyətin intellektual səviyyəsi, o cəmiyyətə mənsub olan müəllimlərin intellektual səviyyəsiylə düz mütənasibdir. Başqa sözlə cəmiyyət müəllimin güzgüsüdür.

Təbii ki, bu məqamda dövlətin apardığı sosial siyasət də cəmiyyətin inkişafında öz sözünü deyir. Ancaq müəllimin cəmiyyətin yetişməsinə təsir etmə imkanları daha böyükdür.

Uşaqların elmi bilikləri öyrənmək üçün sərf etdikləri əvvəllər on, indi isə on bir illik zaman kəsiyi, insan həyatının ən önəmli, öyrənmək üçün ən əhəmiyyətli dövrü sayılır. Odur ki, şəxsiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.

Bütün valideyinlər həm savadlı, həm də dünyagörüşlü ola bilməz. Ancaq hər bir müəllim savadlı, dünyagörüşlü olmağa borcludur.

Adi vətəndaşlara nisbətən müəllim, öz olkəsinin tarixini, dini və milli adət ənənələrini dərindən bilməli və bəhs etdiyim mənəvi sərvətlərimizi şagirdlərinə doğru -düzgün çatdırmalıdır.

Əgər cəmiyyətdə fanatizm, xürafat, dini radikalizm güclüdürsə, demək müəllim də fanat, dinə meylli, mollaya dua yazdırıb "şəfa tapan" adamlardan fərqlənməyən biridir. Müəllimin işi təkcə tədris deyil. Onun işi həm də vətəndaş yetişdirməkdir. Azərbaycan tarixinin tədrisi indiki dönəmdə hansı səviyyədə olduğunu dəqiq bilmirəm. Ümid edirəm ki, tarıx fənni orta və ali tədris ocaqlarında detallı şəkildə tədris olunur. Sovetlər dönəmində Azərbaycan tarixi ümumiyyətlə, tədris olunmurdu.

Şəxsən mən Azərbaycan tarixi adlı kitabı, cəmi bir dəfə, bizim tarix müəllimimizin əlində gördüm.

On il ərzində, bir dəfə də olsun, heç bir tarix müəllimi bizə, Azərbaycan tarixi haqda bir cümlə də olsun məlumat vermədi.

Bu təkcə Sovetlər birliyinin apardığı imperialist siyasətin nəticəsi deyildi, həm də bizim müəllimlərin aktiv vətəndaş olmamalarının nəticəsi idi.

Yəqin ki, Azərbaycanın başqa bölgələrində bir qədər fərqli mənzərələr müşahidə olunub.

Ola bilməz ki, bütün ölkə üzrə tarix müəllimləri öz ölkələrinin tarixinə biganə olsunlar.

Müəllim adı mənim üçün o qədər müqəddəsdir ki, məndən otuz yaş kiçik bir müəllim də görsəm, həmən ayağa qalxıb, öz ehtiramımı göstərirəm.

Mən bütün müəllimləri özümdən böyük, kamil və üstün hesab edirəm.

Düşünürəm ki, kim olursan ol, əvvəlcə vətənini sevən, savadlı, dünyagörüşlü, vətəninə bağlı olan bir insan olmalısan. O halda sən həm də yaxşı mühəndis, həkim və ya müəllim ola bilərsən.