Əlisəfa Azayev : -MƏRMƏR BƏDƏN
İsməli kişi şəhərə elə-belə, oğlugilə gəzməyə gəlmişdi. Bekar vaxtlarında küçəyə çıxıb gəzinərdi. Bu dəfə isə “Memar Əcəmi” stansiyasından düz “Gənclik” stansiyasına kimi gedəsi oldu. Oradan da heç avtobusa əyləşmədən, pay-piyada Ayna Sultanovanın heykəlinə kimi...
Baharın xoş günü idi. Beləcə gəzinməkdən ləzzət alırdı. Xüsusilə onu maraqlandıran şəhərdə son illərdə görülən işlər, çəkilən yollar, tikilən təzə körpülər, yaraşıqlı binalar, salınan gül-çiçəkli göz oxşayan yaşıllıqlar idi... Bu an diqqətini Avropa üslubunda tikilmiş hündür, iri sütunlu, tağlı bir bina cəlb etdi. Ora yaxınlaşanda reklam xarakterli gördükləri da qeyri–adi idi. Elə ilk növbədə gəlib-gedənlərin baxması üçün qoyulmuş ağ mərmərdən olan çılpaq qadın heykəlləri. Bir-ikisinin ayıb yeri yenə heç olmasa yarpaqla görünməz edilmişdi. Biri isə lap anadangəlmə, lümlüt idi. Özün saxlaya bilməyib dilləndi:
- Allah!.. Allah!.. Buranı işlədənin anası-bacısı yoxdu bəyəm?!.
Bu sözləri deyə-deyə maraq üçün içəri girəndə pörtüb qızarmış bir gəlin gördü. Soruşdu:
- Qızım, bu heykəllər satılıq üçündü.
- Bəli, əmi...
- Bunun birinin qiyməti neçəyədi ki?
Gəlin arada tutulan, sıxılan kimi olsa da, dedi:
- Bilirsiz, mən satıcı deyiləm. İndi gələr... Mən burada xidmətçi işləyirəm. Maraqlanırsızsa, deyim də... Məncə, onların biri on dört-on beş min manatdı.
Kişi dərhal ürəyində həmin rəqəmi öz mal-qarasının qiyməti ilə müqayisə elədi. Lap çaşıb qaldı. Camışın, inəyin, qoyunların da qiymətindən baha... Dilxor halda dilləndi:
- Bunu hansı abırlı aparıb qapısına qoyacaq?!.
Gəlin gülümsədi:
- Niyə, alanlar var...
Sanki kişi bu an bir qəribəlik hiss elədi. Mərmər heykəl eynən bu xidmətçi gəlinə oxşayırdı. Soruşdu:
- Adın nədi, qızım?...
- Qaratel...
- Ancaq o heykəl sənə oxşasa da, ağbənizdi...
- Elə mən özüm də...
Kişi söhbəti uzatmaq istəmədi. Gəlin üzlər görmüşə oxşayırdı. Pıçıldadı:
- Yoxsa, bəyənmisən? Tamahın düşüb?...
- Ay qız... Qızım yerindəsən. Ağzına gələni danışma.
- Xoşuna gəlmədi?
- Dedim ki, sakit ol da...
- Elə o özü... Mənəm də... Heykəltəraş baxıb, mərmərdən yonub...
Kişi sanki bu sözlərdən uçundu... Bu dünyada yox, nağıllar, ulduzlar aləmində idi... Sanki bu dəqiqə bu gəlini qamarlayıb, öpüb-oxşayacaq, sığallayacaqdı...
Ancaq yenə də abrına büküldü. Sanki bir andaca göyün yeddinci qatından yerə düşüb, həminki adam olub səsləndi:
- Hara getsə, biz azərbaycanlıyıq axı. Avropa dəyərlərinə bu qədər önəm vermək nəyə lazımdı.
- Gözəllikdi də...
- Olmaz belə gözəllikdən...
Gül-çiçəyini aç qoy çöldə, sonra da de, inad elə ki, bu gözəllikdi...
- Almırsan alma da... Sənə məcburi heykəl satan var?
- Bəs bizim əxlaq, dəyərlər?!. Belə şeyin beləcə üzü küçəyə reklam olunması düz deyil axı.
- Gözlərini yum keç...
- Məni lağ edirsiniz?!
- Lağ nəyə edirəm, ay əmi...
Gəlinin belə baməzəliklə ona əmi deməsi də kişiyə acıq getdi. Səsləndi:
- Bu ticarət, alver etmək deyil, camaatı pozmaq, pozğun yola sürükləməkdi...
- Yox a...
- Hə...Bəs nə...
- Bilməmişik ki... Bundan sonra çadralı gəzərik.
Demə, onların söhbətini müdir bayaqdan eşidirmiş. Otağından sanki yaralı pələng tək çıxdı:
- A kişi, nə yekə-yekə danışırsan?! Sən heykəl alansan?! Çıxıb gedə bilməzsən?! Nə baş-gözümüzü ağrıdırsan?!
İsməli kişi bu yoğun, köntöy adamı süzərək sakit halda dedi:
- Sakit ol, a bala... Sən hələ uşaqsan, duzagedirsən.
Müdir yaralı adam kimi bağırdı:
- Bu sözləri mənə deyirsən də?!.
- Bəli sənə!
- Rədd ol buradan!
- Bağırma, ə!... Qaban deyilsən!...
Oradan da qəzəblənmiş halda hüquq məsləhətxanasına gəldi. İçəri girmək istəyəndə cavan oğlan dedi:
- Əmi, sizə kim lazımdı?
- Vəkil...
- Nə işiniz var?
- Özünə deyəcəyəm də...
- Bir sözünüz varsa, sorğu-sual üçün on beş manat ödəməlisiniz.
- Yaxşı, ödəyərik... Qoy bir vəkillə görüşüm.
Vəkillə görüşəndə ona dərdini danışdı. Məhkəməyə şikayətçi olacaqdı. İddia ərizəsi yazılmalı idi. Vəkil də bir xeyli rəqəmi qaldırdı. Əlli manat verim oradan canını güclə qurtarsa da, iddia ərizəsini yazdıra bilmişdi. Əlində idi.
Hakim baməzə bir adam idi. Ərizəsini oxuyub gülümsər halda dedi:
- A kişi, bizim artıq yaşımız keçib. Belə şeylərə baxmaq indi cavanların işidi.
Kişi kükrədi:
- Yox!... Siz məni düzgün başa düşmədiniz. Vəkil ora nə yazıb? Bəlkə, fikrimi formalaşdıra bilməyib. Mən demək istəyirəm ki, sahibkar olanda nolar, adamlarla bir az mədəni rəftar eləsin... Sonra da ki, heç yeridi. Çılpaq bədənli heykəlləri yığıb üzü küçəyə...
- O da pul qazanmalıdı da...
- Belə?! Bu yolla?!.
- Yaxşı-yaxşı... Sizi başa düşdüm...
İsməli kişi yenə də öz sevimli sözlərini təkrar etməyə, deməyə başladı:
- Cənab hakim, vallah-billah məni düzgün başa düşün. Bunun anası-bacısı yoxdu bəyəm, bu belə abırsızlığı edir?! Heç özüm üçün demirəm, o yolla qız-gəlinlər də keçir axı...
Hakim yenə də zarafata keçdi:
- A kişi, heç televizora baxmırsan?
- Baxıram... Hansı kanal xoşuma gəlmədi, çevirirəm. Burada isə mümkün deyil axı...
- Yaxşı... Necə lazımdı baxaram bu işə. Çağırışı gözləyin. Telefon nömrəni də ərizəndə göstərərsən...
- Göstərmişəm...
- Çox yaxşı...
Kişi gedəndən sonra hakim dərhal mağaza müdirini yanına çağırtdırdı. Onunla ətraflı söhbət elədi. Müdir qeyzləndi:
- Qoca olanda nolar ki, lap ağ elədi də... Onun bu söz-söhbəti bizim də imcimizə ziyandı axı...
Hakim yenə baməzəliklə dilləndi:
- Sənə də Allah kömək olsun mərmər heykələ baxır, qoy baxsın da. Bəlkə cavanlıqda belə şeylər görməyib...
Hakim maraqlandı, mağaza müdiri həmin heykəllərin telefonundakı şəkillərini ona göstərəsi oldu:
- Bax bunlardı.
Hakim aran şəkillərə baxa-baxa dilləndi:
- Ə, kişini nə qınayasan, bunlar hamısı adamı hərarətləndirəndi də... Doğrudan, heykəltəraş onu xidmətçi gəlinə baxıb yaradıb?
- Hə... Birbaşa naturadan...
- Onları bura çağır...
- Bura?!
- Bəli-bəli... Bəs bu heykəli bura necə gətirəcəyik?
Mağaza müdiri lap susub, çaş qaldı. Bilmədi ki, hakimə nə desin:
- Onlar çox ağırdılar... Ağzınızda mərmər deyirsiniz... Hər biri üç yüz-beş yüz kiloqramadəkdir... Bəlkə də, daha çox...
Hakim nə düşündüsə, fikirli halda dedi:
- Demirsiz ki, elə o xidmətçi qadının... Qaratelin oxşarıdı?
- Bəli...
- Özü gələcək də...
Hakim bu günün işini səhərə qoymağı xoşlamırdı. Kişi də rayondan gəlmişdi. Aradan çıxa bilərdi. Həm də ona çox narahat adam təsiri bağışlamışdı. Yuxarılara yazıb-poza bilərdi. Odur ki, xidmətçi qadınla, heykəltaraşı dindirəndən, onları təlimatlandırandan sonra, zəng çalıb kişini çağırtdırdı. Onlara da dedi:
- Ciddi olun. Bu balaca məsələ deyil. Müharibə iştirakçısı, veteran adamdı. Heç nədən bəlaya düşə bilərik...
Sonra yenidən üzünü müdirə tutub dedi:
- Ə, qoyaram baxsın da... Bəlkə, elə dul imiş... Heç olmasa bu xidmətçiyə də sahib durardı, onun bəxti açılardı.
Müdir gülümsədi:
- Ona pis baxmırıq...
Xidmətçi qadın qımışdı:
- Mən çox razıyam...
Heykəltəraş səsləndi:
- Cənab hakim, heç o heykəli yonanda mən bu qədər həyəcanlanmamışdım.
Hakim maraqlandı:
- Sən onu yonanda bu da saatlarla çılpaq qarşında əyləşdi də...
- Əlbəttə ki...
- Lap lüt anadangəlmə?
- Hə... Ona bunun üçün xüsusi haqq ödənilirdi...
Hakim əlacsız qalıb xanımdan da soruşdu:
- Düz deyir?
- Bəli...
- İndi kişi gələndə... Yarım olsa belə soyuna bilərsiz?
- Niyə soyunmuram ki...
Müdir gülümsəsə də, daha bir söz demədi, başını buladı. Veteran içəri girib, heyrət içində onlara baxaraq səsləndi:
- Bunlar hamısı buradadı ki...
- Bəli... – deyə hakim ona əyləşmək üçün yer göstərəndən sonra, hərəyə bir stəkan çay gətizdirdi.
Əslində onun əsas məqsədi işə baxmaq yox. O kişini sakitləşdirib, o ərizəni bağlamaq idi. Bu iddianı icraata qəbul etsəydi, acı bağırsaq tək uzanıb gedəcəkdi. Özü də həmin mağaza müdirindən əlli min təzminat istəyirdi. Hansı ağılsız vəkil isə yazmışdı da.
Hakim kişidən soruşdu:
- İddia tələbinin üstündə qalırsan?
- Əlbəttə ki...
- Bəlkə, bu rəqəmi beş minə endirək.
- Niyə ki?!. Kasıbdılar bəyəm? Hər heykəli on dört-on beş minə satırlar...
- Onun mətləbə nə dəxi?!
- Var...
Müdir özünü saxlaya bilmədi:
- Ağ eləmə, kişi...
- Sən sus!... Bura da mağazan deyil ki, xoruzlanasan... Ə, bilirsən mən kiməm?! Katib rayona gələndə mənimlə görüşmək üçün şəxsən mənim briqadama baş çəkərdi.
Hakim arada sülh yaratmağa çalışdı:
- Yaxşı, indi olub da... Barışın getsin... Barışıq sazişi bağlayın.
- Yox... – deyə kişi inad etdi.
Hakim əlacsız qalıb arada fasilə elan elədi. İkilikdə qalanda mağaza müdiri Yavərə dedi:
- Canım üçün, bu çox çətin adamdı. Möhkəm ilişmisən...
Müdir istilənən kimi oldu:
- Görün də...
- Bilirsiniz, veterandı... Arada qanqaraldıcı hərəkət, təhqir məsələsi də var... Belə getsə gərək xüsusi qərardad da çıxarıb, araşdırılması üçün prokurorluğa göndərək. Həkimdən kağız da çıxartdırıb ki, əlbayaxa olmusuz, qolu əzilib...
Mağaza müdiri hakimin bütün şərtlərinə razı olmuş kimi otaqdan çıxdı... Arada Qarateli də yanına çağırıb dedi:
- Soyun deyiləndə... Lap acıqla çılpaqlan. Bəlkə, bu köpəyoğlu kişinin gözləri doya...
- Yaxşı... Oldu... – deyə qadın yaşına yaraşmayan bir hərəkətlə əzilib-büzüldü...
Həqiqətən də, onun gözəl boy-buxunu, bədəni vardı. Sanki ona heç əl vurulmamış, yetgin bir qız idi. Yeyilməli ağ almanı, sulu şaftalını xatırladırdı...
Hakim onları çağırtdırdı. Yenidən içəri keçib, öz yerlərində əyləşdilər. Hakim Qaratelə üz tutaraq dedi:
- Bacı gəl də... Bu işdə əsas simalardan biri elə sənsən... Daha heykəli bura gətirə bilmədik. Onsuz da o da sənə baxılıb düzəldilib də...
Müdir yenə gülümsədi:
- Hə...
Heykəltəraş vaysındı:
- Allah bilir ki, onu düzəldincə nə kimi əziyyətlər çəkmişəm.
Hakim səsləndi:
- Gözəllikdi də...
- Olmaz belə gözəllikdən! – deyə İsməli kişi sanki fırtına qopartdı, – bunun o boyda döşü, əzaları var?!.
Bu an heç təklif olunmadan Qaratel qarşıya çıxıb səsləndi:
- Yekə adamsan, a kişi... Qadın ona əzab verən kişini yox, ona rişğənd edəni heç vaxt bağışlamaz...
- Yaxşı, elə isə soyun...
Bu sözləri kimin dediyin bilmədilər. Qadın o an soyunmağa başladı... Hakim lap istilənən kimi olub dilləndi:
- Bax gördün, a kişi...
- ...
- Bu döşləri...
- ...
- Bu əzaları...
Kişi bu an xəcalətli halda başını tutub səsləndi:
- Cənab hakim, qurban olum sənə... Ona de paltarını geyinsin... Ağzım da orucdu... Məni şərə, günaha salmasın...
- İstəyirsən lap apar da... Özün də dedin ki, dulsan... Tək yaşayırsan...
- Allah eləməsin, mən beləsi ilə yaşaya bilmərəm! Bu hansı millətin övladıdı?!. Haylardan deyil ki?!.
- A kişi, sən onun milliyətini neyləyirsən?! Əsas mala fikir ver...
İsməli kişi dərhal da barışıq sazişinə imza edib, hövlənək, həyəcanlı halda otaqdan çıxanda, hakim müdirdən aldığı pulu onun cibinə basdı:
- Bu da yol pulun, veteran...
- Sağ olun...
- O şəkillərdən birini çıxartdırmışam. İstəyirsən bunu da götür, özündə yadigar saxlayarsan...
- Sən Allah rədd elə onu... Hamısı qurban olsun sənin bu şirin dilinə, qayğıkeşliyinə... O kobuda de ki, mağazaya gələnləri adam kimi qarşılasın.
- Bəs heykəllər?...
- Daha bunu özü bilər. Deyirsiz gözəllikdi... Olsun da...
İsməli kişi rayona gələndən gördüklərini, şahidi olduqlarını hamıya danışır, hakimi öyürdü: “Ə, canım üçün bunun piryomuna, iş üsuluna bax da... O cürə gözəl-göyçək xanımı soyundurtdu... Dedi ki, kişi bax da, nə qədər könlün istəyir... Gözəllikdi də... Qadın da əsl mərmər bədən...