Onun poeziyasında fikir tutumu - Əbülfət Mədətoğlu  yazır

YAZARLAR 09:00 / 06.01.2025 Baxış sayı: 1023

 

 

İmzası Azərbaycan oxucusuna çox yaxşı bəlli olan, şəxsiyyəti təkcə dostlarına, doğmalarına deyil, eləcə də onu tanıyan hər kəs üçün dəyər kəsb edən , elə söz adamları var ki, onlarla şəxsi tanışlıq həmişə insanda xoş aura yaradır. Yəni birbaşa təmas həmin  yaradıcı şəxsə sevgini, diqqəti birə-beş artırır. Bu mənada mənim Bakıya ilk gəlişimdən, yəni tələbəlik illərimdən bugünə qədər xeyli sayda bir-birindən dəyərli, bir-birindən duyqusal, həm də şəxsiyyət baxımından çox önəmli olan imza sahibləri ilə tanışlığım, yoldaşlığım, dostluğum olub və bu gün də davam edir.

Həyatımda ən çox təmasım olduğu və bünövrəsi də tələbəlik illərində qoyulan bir doğmalıq var. O doğmalığın ,tam  dəqiq  ifadə etsəm  bu  doğmamın  ünvanı  indi Allah dərgahında, Cənnətdədi. Mən bütünlüklə buna inanıram və əminəm ki, poeziyamızın sevgi memarı Nüsrət Kəsəmənli həqiqətən bu gün   Cənnətdə yaşayır. Onunla olan dostluğumun sayəsində həmin illərdə Nüsrətlə birlikdə olan Çingiz Əlioğlu  və Sabir Rüstəmxanlı ilə də sıx bir münasibətim yarandı və zaman ötdükcə bu münasibət bizim ailələrin təmasına çevrildi. O illərin şirin bir xatirəsidi tez-tez xatiılanır evimdə, ailəmdə. Hər ilin yay  fəslində Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu   xanımları ilə birlikdə övladlarını da mənim ata evimdə Tuğda dincəlməyə gətirirdilər…

Bu xatirənin yadıma düşməsinin səbəbi var. O səbəb də indi əlimdə tutduğum «Avand» kitabıdır. Kitabın müəllifi isə dostum, əzizim, Azərbaycanın söz məkanında kifayət qədər yeri olan Çingiz Əlioğludur. Elə buradaca bir xatirəni də dilimə gətirirəm. Həyatımın ən maraqlı anlarından biri də odur ki, 1980-ci ildə Çingiz Əlioğlu özünün Bakıda və Moskvada işıq üzü görən kitabını mənə hədiyyə edəndə həqiqətən , gözlərimə inanmadım. Çünki o kitabın içərisində bir şeirin üzərində «Dostum Əbülfət Mədətoğluna» yazılmışdı. Yəni Çingiz müəllim mənə şeir həsr etmişdi və o kitablar çap olunana  qədər də bunu mənə bildirməmişdi.

İndi əlimdəki kitabla söhbət etdiyim məqamda öz içimdə ötənləri xatırlasam da, amma şeirlərinin təsir gücü məni o illərdən çəkib bu günə  gətirir. Kitab 2004-cü ildə işıq üzü görüb. Kitabın içərisində Çingiz müəllim yenə həmişəki səmimiyyəti ilə «Əzizim Əbülfətə ən gözəl duyğularla. Ç.Əlioğlu. 31.01.05». Mən yazdığım yazılarda avtoqrafları təkcə mənə olan münasibətləri reklam etmək üçün yox, həm də zamanı diqqətə çatdırmaq üçün yazıya gətirirəm. İstəyirəm ki, oxucu həmin tarixlə bugünkü tarix arasındakı zamanı görsün, duysun. Çünki zaman ən böyük hakim, ən böyük söz sahibidi. Əgər illər münasibəti unutdurmayıbsa, deməli söz də unudulmayıb, söz də yaşayır. Axı ömür təkrar olmur. Elə Çingiz Əlioğlunun özünün də yazdığı kimi:

 

bir ömürdü təkrar olmur bir əldi

verən verir, alan alır, can gedir.

vaxt təkəri təkid edir irəli

kim piyada kim də atlı cəng edir.

 

bəxtiyeyin atdan düşüb atlanır

əzilənin əldə teli çəngədir.

basılanın beli dibdən qatlanır

üzü gülmür duman gəlir çən gedir.

 

bəxti yatmış qaramatın axır ki

xırı batıb qarısı da dəng edir

bir gün səsə boylanıb da baxır ki

əzrayıldır qapı döyür zəng edir…

 

Həqiqətən ömür təkrar olunmur, ömürdən ömür gedir, bu gedən ömür də özü ilə birlikdə insandan sağlamlığı da, həvəsi də, təpəri də, hətta həyata şövqlü münasibəti də alıb aparır. Ona görə də təkcə özünü yox, həm də çevrəni görmək, düşünmək, sabahı göz önünə gətirmək heç vaxt ziyan gətirməz. Əksinə, səni nələrin gözlədiyini biləndə onda yaşamaq da , hətta  ruhunu sözə çevirmək də daha mənalı və gözəl olur. Çingiz Əlioğlu demişkən, əzrayılın nə zaman zəng vuracağını bilməsək də, bu zəng qaçılmazdır. Belə olan halda dilində Yaradana şükürlər, ürəyində Allah bəndələrinə hörmət və diqqət gərək o qədər səmimi olsun ki, onda ruhun və ürəyin birgə diktəsi olan fikir misralara çevrilə bilsin:

 

Allah, sənə qurban olum,

Nə böyükmüş lütfün sənin.

Yardı qara ormanları

Nur ziyalı zülfün sənin.

 

Çıxdım o sıx cəngəllikdən

Müqəddəs ehram yoluna.

Sürüşdü şeytan çiynimdən,

Mələklər girdi qoluma…

 

…Dizdə təpər ali oddur,

Düzəlir şeytan köləsi

Qaranlığı yarır, odur,

Alnında işıq haləsi…

Yəqin ki, bu şeirin fəlsəfi tutumu artıq sizləri öz qoynuna alıbdır. Oxuduqca hiss etmisiniz ki, Allahın iradəsi nə qədər möhtəşəm və ona bəndə sayqısı nə qədər tükənməzdir. Elə bu qarşılıqlı sevgi və sayqı şairin də dediyi kimi, bəndəni ayaqda saxlayır, onu yıxılmağa qoymur. Onun alnında,  təbii ki, bu obrazlı ifadədi, onun həyatında işıq seli özünün bütün şəfqəti ilə hakim olur. Orda qaranlığa, zülmətə yer qalmır. Axı lütf Allahdan gəlir. Ona görə də Allahın iradəsi qarşısında ikinci iradəni düşünmək hətta özü belə günah olar.

Çingiz Əlioğlu yaradıcılığında mövzu rəngarəngliyi xüsusi əhəmiyyət kəsb edir. Yəni onun üçün ağac da, daş da, orman da, quru tənək də, hətta adi saman çöpü də mövzu ola bilir. Əgər siz onun söz dünyasına üz tutsanız, mənimlə razılaşarsınız. Və onun da şahidi olarsınız ki, Çingiz Əlioğlunun mövzusu olan predmet onun qələmində canlıdır, dipdiridir, hərəkətdədi. Bu isə şeirin həm dinamikasına, həm də oxucu ilə təmas qurmasına həm təkan verir, həm də ovqat yaradır. Bu mənada:

 

Gözümə toxunan yağış ağlayır,

Çağlayan dilimi dilin bağlayır,

Dağların bağrını dağrım dağlayır…

Güllər gülüşümü alıb apardı.

 

Əl verib əl tutan əllə əlləşir,

Dil açıb dilənən dinməz dilləşir.

Peşində durduğum pişik olub şir

Başına çəkdiyim əli qopardı…

 

Yayında ilandır, oxu əfidir,

Tale atdığını tanrı dəf edir.

İllərin ilməsi qaçıbdır nədir,

Sökülən ömrümdən sapın sap ardı.

 

Bu hana asanın kirkit-kərkisi…

Kəsilmiş arcaqdır, əriş sərgisi.

Bu alın yazısı, tale dərgisi

Yolumda çəpinə çökmüş çəpərdi.

 

Üzüldüm üzlərdən mən üzdən üzdüm,

Dərinə getmədim, hər dərdə dözdüm.

Çəlpəşik ömrümün ipini çözdüm,

Bilmədim heç məndə bu nə təpərdi…

 

Şeiri oxuduqca daxilən haldan-hala düşür, özümü həmin o təsvir olunan, əslində həm də tərənnüm olunan məqamın içərisində hiss edirsən. Burda söhbət təbiətlə təmasda insan hisslərinin necə həssas və həm də  yaşadığını  ifadə etmək gücündə olduğunu da büruzə verir. Yəni mahiyyət etibarilə şeirin canında mən bir bütövlüyün, tutaq ki, bir ağacın həm də qol-budağını, yarpaqlarını da görmüş oldum. Gözümüzə toxunub ağlayan yağışdan tutmuş yayı ilan olan, bununla yanaşı, insanı üzməyə və həm də yaşatmağa istiqamət götürən prosesin canlılığı, diriliyi də nəzəimrdən qaçmadı. Deməli, kəsişən yollar, çəlpəşik düşən ömür ipləri bütün hallarda insanı həm qüvvətləndirir, həm də ondan təpər alır. Deməli, söhbət bədii sözün yükündən gedir. Bu yük də fikirdi. Mən Çingiz Əlioğlu şeirində hər zaman fikir yükünün tutumu qarşısında susdum. Elə bu gün də susuram…susuram…