Yolkalar uşaqlarınızın sevinci, gələcək xəyalları, arzularıdır - yazdı Arzu Əsəd
"Ellə gələn yas toy-bayramdır". "Xeyirlə şər qardaşdır". Bu sadə həqiqəti - həyatın əksliklərin vəhdəti olduğunu anlamayan bəzi sadomazoxist vətəndaşlarımız lazımsız göstərişlər edirlər. Biri evdə quraşdırdığı Yeni il yolkasını nümayişkaranə şəkildə söküb yığışdırır ki, bəs bu faciədən sonra yeni ili bayram kimi qarşılaya bilmərik. Digəri bu günlərdə toy edən vətəndaşlarımızı qınayır. Bir başqası bu hadisəni qətliam, genosid, qırğın adlandırıb onu milli faciə günü kimi qeyd etməyi tövsiyə edir...Bu vətəndaşlarımızın içində səmimi olanları da var, hər işdən bir vəzifə çıxarmağı xoşlayanları da.
Lakin onlar fərdin həyat və psixologiyası ilə millətin yaşam tərzi və tarixinin tamam başqa qanunauyğunluqlara tabe olduğunu fərqləndirə bilmirlər. Azərbaycan-türk tarixinin, məsələn, qonşumuz ermənilərin qondarma tarixindən fərqi odur ki, biz faciələrimizi həyatımızın, gələcəyimizin bünövrəsinə çevirməmişik, dövlətimizi genosid siyasəti üzəində bərqərar etməmişik. Biz bayrağımıza qara rəngi yaxın qoymamışıq. Həyatın, sonsuzluğun parlaq rənglərini qoymuşuq. Bizim əsrlərin o başındakı böyük şairimiz Füzuli qəmi-kədəri insanı dərd, depressiya, hərəkətsizlik, acizlik bataqlığına sürükləyən adi affektlərdən yaradana, əbədiyyətə qayıdışa yüksəldən ilahi hiss səviyyəsinə qaldırıb.
Əsrlərin bu başında isə başqa bir böyük şairimiz Sabir ağlamağı bu xalqa bir cəhalət simgəsi, istismar vasitəsi kimi sırıyanların iç üzünü ifşa edərək "Ağladıqca kişi biqeyrət olur, Necə ki, ağladı İran oldu" - deyə yazır. Qondarma genosidi özlərinin qondarma dövlətlərinin, gələcəklərinin əsasına çevirən, yüz il ərzində özləri də uydurduqları bu yalana inanıb nəsillərini bu ruhda tərbiyə edən ermənilərin, nəhayət, bu travmalaşmış, kompleksləşmiş, xəstə ruh və düşüncələri ilə tarixin gerçəklikləri ilə üz-üzə hansı günə qaldıqlarını bütün dünya gördü. Dövlət siyasətini irtica - keçmişə orientasiya, mövhumat və ağlaşma üzərində quran İranın da qonşu ölkələrə ağlaşma və terror ixracının onu bir dövlət kimi nə hala saldığını görmək üçün cox da ağıllı olmaq lazım deyil, görməmək üçün isə çox cahil olmaq lazımdır.
Əlbəttə, atəş düşdüyü yeri yaxar. Hansı birimizin bir əzizi, yaxını vəfat etdikdə fərd olaraq hansı hissləri yaşayacağımızı əvvəlcədən kəsdirə bilmərik. Amma bir cəmiyyət olaraq, xalq, millət olaraq qəmə, kədərə baş əymək bizim kitabımızda yoxdur. Həlak olmuş bələdçi qızımızın atası "mən qızımla fəxr edirəm" deyərək ölkə prezidentindən bir ədəbiyyat müəllimi kimi dərs dediyi orta məktəbə onun adının verilməsini xahiş edir. O öz qızının xatirəsini bu xalqın minlərlə uşağının böyük həyat və gələcək sevgisi ilə təhsil aldığı bir müəssisə ilə bağlayır. Hər uşağın gülüşündə, sevincində, arzu və xəyalında qızının yaşadığını görmək istəyir. Ədəbiyyat müəllimidir. Bu xalqın həyat və mənəviyyat dərsliyi olan ədəbiyyatı ilə tərbiyələnib. Gözünün yaşını ürəyinə axıdır. Xalqına isə "Biz dərdin-kədərin özündən belə Onlara səadət yaratmalıyıq" nümunəsini verir..
.Evdə qurduğunuz Yeni ilin, gələcəyin rəmzi olan yolkaları qırmayın, yığışdırmayın, onlar uşaqlarınızın sevinci, gələcək xəyalları, arzularıdır. Toy edən vətəndaşlarımızı qınamayın. Bu millət yalnız faciələrdə qırılmalı yox, həm də şənliyini keçirib doğub-törəyib artmalıdır. Təqvimdə travmalı günlərimizin, qara bayramlarımızıın çoxalmasını istəməyin. Qara bayramları həyatlarının özəyinə çevrilmiş qonşularımızın halından ibrət alın!