SÜLEYMAN ABDULLA. : - ÖZÜNƏ QAYIDIŞIN ŞEİRİ

Ədəbiyyat 11:35 / 06.01.2025 Baxış sayı: 648

 

Əvvəl ballastik raketlər susdu,

Ardınca uzaqvuran artilleriya topları...

Susdu qırıcı təyyarələrin uğultuları,

yox oldu arxalarınca buraxdıqları ağ qoşa xətt.

tədricən kəsildi

döyüş helikopterlərinin pərlərinin vıyıltısı...

 

Tozanaqlar yatmağa başladı,

tüstü-duman seyrəldi yavaş-yavaş...

Mərmilər ulamadı bir daha,

xırpadan kəsdilər səslərini yalavıyan minalar...

Qaysaq bağladı torpağın sinəsində

tank tırtıllarının açdığı şırımlar....

Ara-sıra güllə səsləri eşidilsə də

bir təntənə vardı

azad olunmuş ərazilərin qayıdışında...

 

Torpaq özünə,

Əsgərlər evinə qayıdırdı sevinc içində.

Kiminsə özü qayıdırdı döyüşdən,

kimlərinsə adı...

Minalar partlayan yerlərdə əsgər əkildi torpağa,

Mərmi uçuşuna bənzər zamanın axışı

süzülüb keçdi ömrümüzün tən ortasından...

Vətən qucaqladı yaralı şəhərləri,

darmadağın kəndləri...

 

Analarını bağrına basdı sağ dönən əsgərlər.

Dağların dağa qovuşdu,

sarıldı adam adama...

Və beləcə hər şey əzəlinə vardı,

ilkinə tapındı...

Dağıdılan evlər təzədən tikiləcək, dostum,

yenidən salınacaq xaraba kəndlər, şəhərlər...

Amma döyüşdə həlak olmuş

qəhrəmanlar dönməyəcək bir daha evlərinə.

Məktəb-məktəb,

küçə-küçə dolaşacaq adları,

amma düşməyəcək

bir daha kölgələri getdikləri xır yola...

 

Torpaq olmaq da bir qismətdir Tanrıdan,

Torpaq olmağı haqq etmək də bir Tanrı payı...

Gün gələcək hər şey unudulacaq,

çağdaş şəhərlərin,

müasir kəndlərin abadlığında...

Yalnız unudulmayacaq bir ağrı qalacaq

o yerlərin köksündə, - döyüşçü məzarları...

 

Orda küləklər susmayacaq heç vaxt...

Yazda nəsimə,

yayda gilavara,

payızda xəzriyə,

qışda qasırğaya dönmüş döyüşçü ruhları!