Sevinc Qərib - HƏLƏ

Ədəbiyyat 10:30 / 05.01.2025 Baxış sayı: 624

 

Hələ yağışlardan səs-soraq yoxdu,

hələ toz uduruq quru havadan.

Hələ dalğalar da öz rəngindədi,

qayalar sağ çıxır sulu davadan.

 

Hələ meh darayır güllərin telin,

hələ küləklərin boyu gödəkdi.

Günəş geniş açıb pay verən əlin,

hələ şəfəqlər də dolu yedəkdi...

 

Hələ ürəyimin yanğısı sönük,

hələ qollarımda sızlamır ağrı.

Hələ dərd verməyir bir üzü dönük,

hələ öz eşqinə yuvadı bağrım.

 

Hələ düz yeriyir ayaqlarım da,

hələ əsalara bağlıdı yollar.

Durur kürəyimdə dayaqlarım da,

hələ qucaqlayır məni o qollar.

 

Özümü görürəm hələ güzgüdə,

Hələ əllərimin sahibi mənəm.

Hələ ögeyləşmir ruhum özgədə,

Hələ vətəniməm, hələ ölkəməm.