Elman Eldaroğlu : - Bəli, o, əsl xanımdır...

MƏDƏNİYYƏT 08:45 / 22.12.2024 Baxış sayı: 346

 

Deyir ki:- “İllər ötür, yaşa dolduqca anlayıram ki, əxz etdiklərim, öyrəndiklərim hələ də öyrənə bilmədiklərimlə müqayisədə xeyli azdır, bəlkə də cüzidir. Musiqi aləmində mənə bəlli olmayan o qədər gözəlliklər var ki... Xırda, ikinci dərəcəli nə varsa, ondan yaxa qurtarıb, daha böyük məqsədlər qarşıya qoyaraq onlara doğru addım-addım irəliləmək gərəkdir. Əlbəttə, həyəcan var, amma təlaş və bədbinlikdən uzaq olmalıyıq. Eyni zamanda, saxta şadyanalıq, bəsit şərhlər, mənasız məsləhətlər, bir sözlə, qeyri-konstruktiv mövqedən uzaq olmalıyıq. Açığını deyim ki, belə hallar məni çox narahat edir...”

Son dərəcə şən insandır və enerji dolu xarekterə sahibdir. Praktik zəkası güclüdür, daim nə isə öyrənmək istəyir. Maraqlı olduğu qədər də məzmunludur. Ünsiyyətdə mehribandır, odur ki, ona ehtiram göstərənlərin də sayı çoxdur. Həyatda nikbin olduğundan ətrafına həmişə sevinc saçır...

“Mənim əsas tədqiqatım “fəlsəfi ümumiləşdirmələr” janrı - simfoniyaya həsr olunub. Burada mən XX əsrin 60-cı illərindən başlayaraq simfoniyanın “həyatında” baş verən ən önəmli hadisələr - silsilə yozumu, dramaturji həll baxımdan özünəməxsus nümunələrə üz tutmuşam, bəstəkarlarımızın “nəhəng simfonik eksperiment” adlandırılan prosesə töhfələrini sərgiləməyə çalışmışam. Musiqi haqqında yazan, fikir söyləyən adamın dünyagörüşü geniş olmalı və o, fikirlərini əsaslandırmağı bacarmalıdır. Sənətdə dürüst mövqe tutmalı, vəzifəsindən, yaşından asılı olmayaraq - bu və ya digər müəllifi, onun əsərini qiymətləndirərkən ancaq ali peşəkarlıq prinsiplərini əsas götürməlidir.”- söyləyir...

Söhbət Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadədən gedir. O, Azərbaycan tənqidçisi və ədəbiyyatşünası Araz Dadaşzadənin ailəsində dünyaya gəlib, akademik Məmməd Arifin nəvəsidir. Nənəsinin- Azərbaycanın ilk qadın alimi, “Şərəf nişanı” ordenli Zümrüd Axundovanın adını daşıyır. Əvvəlcə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, daha sonra indiki Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə isə Milli Elmlər Akademiyasının aspiranturasında oxuyub. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir. 2013-cü ildən həmin elm ocağının professorudur. Xidmətlərinə görə, ona Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib...

Həyatı doya-doya yaşamağı bacarır. Xüsusilə, səyahət etməkdən xoşu gəlir. Yeni biliklər öyrənməkdən, yeni insanlarla tanış olmaqdan zövq alır. Olduqca ünsiyyətcildir. Hər insanı qəbul etməsə də, düşüncə baxımından onunla eyni olanlarla ünsiyyətdən yayınmır. Deyingən insanlardan xoşu gəlmir. Münasibətdə həmişə anlayış və tolerantlıq gözləyir...

Deyir ki:- “Ölkəmizdə istedadlı gənclər çoxdur. Onların beynəlxalq müsabiqə və festivallardakı uğurları olduqca ruhlandırıcı və sevindiricidir. Bir çoxları indi xaricdə, dünyanın ən yaxşı musiqi universitetlərində təhsil alırlar. Bizi əhatə edən fonosferanın saflığı uğrunda mübarizə aparmaq hər birimizin borcudur. Yüksək bədii səviyyəli gözəl, məlahətli musiqi səslənməlidir. Ümid edirəm ki, Azərbaycan musiqisi öz ifaçılıq məktəbi ilə bizi bundan sonra da sevindirəcək.”

Maraqlı həyat tərzi var, dünyanı musiqisiz təsəvvür etmir. Kompüter arxasında çalışmağı- yazıb yaratmağı xoşlayır. Noutbuku da özünün ən vəfalı dostu hesab edir: - hara gedirsə, əlavə yük olsa da onu- özüylə aparır. Çalışır ki, vaxtını səmərəli keçirsin...

“Öz təcrübəmə əsasən deyə bilərəm ki, həyatımın ən ağır günlərində məhz musiqidə təskinlik tapmışam. Bu da musiqinin əsasını təşkil edən səslərin böyük təsiredici qüvvəsi ilə bağlıdır. Ancaq burada bir başqa məsələ də ortalığa çıxır. Səslərlə davranarkən ehtiyatlı olmaq lazımdır. Müəyyən səs kombinasiyalarının, “inadkar” ritmlərin təcavüz xarakterli müdaxilələri heç də təhlükəsiz deyil. Səs mühitinin ekoloji təmizliyini mühafizə etmək zəruridir.”- söyləyir...

Deyirlər, kübarlıq gendən gəlir. Haqqında söhbət açdığım Zümrüd xanım da belə bir genin daşıyıcısıdır. Bəli, o, əsl xanımdır...