F. E. Doktoru Esmira Fuad : - Mənə 40-cı qapının açarını ver!..

YAZARLAR 09:15 / 04.01.2025 Baxış sayı: 3969

 

Yaxud,

Getdim xoşbəxtliyin arxasınca...

Buz kimi xəyanətlərin, buz kimi yalanların soyuğunda üşüməyən çağımızın yeni şerinin yeni nəfəsi Ayselin “Doğulacaq qadın”la bağlı düşüncələrini izləyərkən...Esmira Fuad

Ondan sonra “doğulacaq qadın” elə onun özü olmalıdı, çünki o qadına ruhunu, ondan sonra dünyaya gələcək kişiləri, sevgisini, kədərini və sevincini, şeirlərini vəsiyyət edir. Bir tərəfi sevgi qoxuyan, bir tərəfindəsə yalnızlıq, tənhalıq fəryad edən, ən gözəl kişiləri ən pis, ən xəbis qadınlara bağışlayan və dünyanın ən xoşbəxti, həm də ən bədbəxti olan bugünkü qadın yerini doğulacaq qadına verir. Lakin “O”-nu sevməyi, qorxmadan, heç bir əngəldən, maneə və yasaqlardan çəkinmədən sevməyi, sevə-sevə, həm də sevilməyi - QADIN olmağı bacarmağı və özündən sonrakı qadın üçün özünü qorumağı tövsiyə edir. Çünki əmindir ki, lirik qəhrəmanı, doğulacaq qadın Qadın olmağı bacararsa, mütləq onun şeirlərini oxuyub kövrələcək, göz yaşlarını saxlaya bilməyəcək və heyfsilənəcək ki:

Səndən öncə bir şair qadın vardı-

bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı,

bir dəlisov qadın-

bütün qadınlar o idi...

Bu misraların müəllifi bütün qadınları özündə ehtiva edə bilən, poeziya adını verdiyimiz sirli, cazibədar, eyni zamanda yaradıcılıq əzabları ilə boyaboy bir dünyaya ilk, ancaq deməzdim ki, ilk kövrək, kifayət qədər cəsarətli, inamlı addımlarla gələn və yaşama fərqli rakursdan baxaraq bu fərqliliyin əsərlərində uğurlu ifadəsinə nail olmağı bacaran bir yazardır. O, bir düşüncə adamı, yaradıcı insan olmaqla yanaşı, həm də bir övladdı-sevimli şairimiz Kəmalə xanım Abıyevanın göz bəbəyi, ciyərparasıdı... Ana sevgisini, ana qucağını və şəfqətini qələmdaşlarından fərqli biçimdə ifadə edə bilən orijinal üslublu, yeni nəfəsli Ayseldi... O Aysel ki, qadınları - təkcə ana olmağı bacaranları deyil, zərif cinsin Yer üzündəki bütün təmsilçilərini özü kimi duyur, öncə insan kimi anlayır sonra bir qadın kimi çözür. O, anasını da, ilk növbədə insan-qadın olduğuna, sonra da gerçək ana ola bildiyinə görə müqəddəs sayır. Anasına həsr etdiyi şeirdə bunu ifadə edir, üstəlik, ancaq ana olduqları üçün özlərini müqəddəs hesab edənlərə anasını misal gətirir və bioloji analığı qınayaraq hətta ona bir mesaj da göndərir:

Mən səni məni doğduğun üçün qınamıram,

mən səni niyə doğduğun üçün qınayıram.

Sən onsuz da müqəddəssən.

Yanında olmaqdan qorxuram.

Davamlı müşahidələrin, anaya-insana dibsiz sevginin nəticəsi olan və bəlkə də bir anın içərisində yazılan bu şeirdəki səmimi və təsirli etiraf diqqətdən qaçmır, insanın iç dünyasını titrədir. İçində sanki məsum bir uşaq yaşayan saf ürəkli anasının səbr və təmkinlə (bəlkə də onun üzündən) keçirdyi qəlb ağrısına görə utanır və bu utancı yaşamaqdan qorxur Aysel... Kiçik otağına çəkilib onu-övladını “necə həzin-həzin, səssizcə, möhtəşəm sevə bilən bir qadının, bir insanın, bir ananın cocuqca saflığına bəzən inana bilmir və bu inamsızlığından utanır... ancaq bu Ana onun hər şeyi, ümidi, pənahı, üz tutub gedəcək yeri, ən nəhayətsə, tənhalığının qənimidi...

Ana, məni buralarda qoyub getmə,

Mən səndən başqa yer tanımıram...

Şeirdə incə bir məqama, əslində onun leytmotivini təşkil edən fikrin alt qatına toxunmaq istəyirəm. Bu, “Ana, düşünmə ki, məni necə həzin-həzin sevdiyini görmürəm”dən yansıyan bir övladın valideyninin iç dünyasına nüfuz etməsidi, onu duyması, anlamasıdı, anaya təkcə dünyaya övlad gətirən bir varlıq kimi deyil, bir dosta, arxa-dayağa, sevgiliyə, insana sevgisini duyursan. Hamı övladdı və ana bətnindən doğulur, ancaq hər övlad öz anası, valideynləri ilə dost ola bilmir...

Aysel bilir ki, onun anası təkcə doğurucu varlıq deyil, cəmiyyətdə tanınan, müəyyən mövqeyi olan bir şair, pedaqoq-şəxsiyyətdir. Bəlkə də onların ev-məişət qayğılarından uzaq ruhsal münasibətləri daha gözəl, daha rahat, doğal və çəkicidi... Düşünürəm ki, bu şeirdə Aysel anasını-qadını ev, məişət çərçivəsindən çıxararaq daha önəmli müstəvidə təqdim edir... Bu, övladla valideyn arasında bioloji deyil, mənəvi-ruhani əlaqə, qarşılıqlı anlaşma istəyinə söykənən qutsal bir münasibətdir...

Yenicə dostlaşdığı, nələrisə bölüşə bildiyi, lakin “Səni sevirəm”- söyləməyə gecikdiyi atasına onun ölümündən sonra yazdığı şeir də maraqlı məqamları ilə yadda qalır. “Ata, çox tez öldün” uzun illərin ayrılığının, sükutunun şeiridi... İllərin müşahidələrinin nəticəsidi. Hər görüşündə onu bioloji yöndən deyil, daha çox insan, arxadaş (bu söz arxa daşım, söykənəcəyim, dayağım yozumunda necə də gözəl səslənir!) kimi yaxından tanımaq istəyi həm bir dost, həm də övlad kimi bəslədiyi sevgini etirafa gecikdirir...

Nə yazıq ki, atası qəfildən dünyanı tərk edir və təzəcə sevməyə başladığı bir insanın yoxluğu onun ruhunu sarsıdır, “kədərini artırıb boyunu qısaldır, sükutunu, içindəki boşluğu bir az da böyüdür”. Ancaq onu həyatda yalqız qoyan hansısa səhvinə görə qınamağa tərbiyəsi, etik mədəniyyəti yol vermir, bu fikrini çox yumşaqca, qəlbə toxunmayan incə sözlərlə, kübarcasına ifadə edir. Ruhuna and içib: “sənə yas saxlamayacam, bir gün də olsun, molla çağırıb yasin oxut- durmayacam, ancaq qəlbimdə yaşadacam deyir:

Ata, məni özünə oxşadardın,

Oxşatma.

Yalqız olmaq istəmirəm...

mən səni qəlbimdə oxşayacam...

və sən orda yaşayacaqsan...

Darıxanda,

dostlarımı yığıb anacam,

Yadıma salacam gülüşünü,

Yoxluğuna gizlicə ağrıyacam.

Səni sevdiyimi özüm biləcəm...

“Biz ölənlərlə ölmədik, diri qalanları görüb öldük. Qoy bizi basdırsınlar, başımıza yığışıb qarğalar kimi, üstümüzdə molla oxutmasınlar. Biz molla səsindən öldük, Axundovun, Cəlilin ruhuna and olsun ki, insanı Allah öldürmür,-” yazır Aysel və... yazılanlar bu xüsusda təzə deyim, təzə ifadə, təzə tərz olsa da, oxucu fikrin səmimiliyinə şübhə eləmir.

Çağımızın azad düşüncəli, azad üslublu yazarı Aysel, həm də anadı. “İzelimin şeri”ndən yansıyan, şirinliyi ilə “gözündən düşən dünyanı da dada gətirən,” gözəlləşdirən qızının doğuluşu ilə həyatı büsbütün dəyişən – “hər qığıltısından xoşbəxt olan, kəpənəyə dönərək havada yeriməyi öyrənən, daha yuxunu yox, onunla keçirdiyi yuxusuz gecələrini sevən, ölənədək keşiyini çəkərəm, ancaq sən də yaşamağı öyrən” deyən və gözlərinin dumduru təmizliyində sanki saflaşan, həyata daha sıx sarılan Ana... Şair bu şeirdə bəlkə də illərlə axtardığı xoşbəxtliyin nə qədər yaxınlıqda olduğunu, övladının doğulması ilə bu xoşbəxtliyə necə də asan qovuşmanın mümkünlüyünü (yalnız qadın belə anlaya bilər) anlayan, həyatındakı bütün üzüntülərə “Keçmiş olsun,”- deməyi bacaran, “gözlərinçün yaşamağa dəyər, balaca yazıçım mənim, bundan sonra sən yazırsan məni,”- hökmünü verən güclü bir qadın, fədakar bir Ana obrazı yaradır.

Qadın, onun problemləri, incə, kövrək qəlbinin sevinci və ya kədəri, fərəhi, ya üzüntüsü önə çəkilir Ayselin qələmində. Bu üzdən özü gənc, düşüncələrinə görə isə çoxlarından yaşlı olan yazarı feministlikdə bəlkə də qınayanlar da tapılacaq... Ancaq bir həqiqət var ki, o, məhz zərif cinsin nümayəndəsi olduğuna görə qadınların, bilavasitə özünün yaşantılarını, duyduqlarını və düşündüklərini misralara, yaxud yeri gələndə sətirlərə çevirir. Onun şeirlərinin məna yükü çox ağırdır və bu yük, onu yaradan səbəblər oxucunu düşünməyə, qanrılıb öz həyatına bir nəzər salmağa və özünə: - Bəs mən necə, qadın olmağı bacarmışammı, uğruna hər bir fədakarlığa getdiyim həyat arxadaşım tərəfindən sevilmişəmmi?- sualını verməyə sövq edir...

O, bəlkə də gəncəcik yaşından həyatın sərt üzünü gördüyündənmi deyim, yoxsa taleyin ağrılı silləsini yediyindənmi, bir qadın, bir sevgili olaraq sevgi adlı gerçəyin özünü yaşadığındanmı, bilmirəm, ancaq bu gerçəyin diqtəsilə şeirlərində Qadın nədir?- sualına cavab axtarır:`​

Qadın nədir?

Kişi olmayan şairlər.

Şair olmayan kişilər.

Hamısı qadından danışır.

Kişinin yeri qadındır.

Sənin yerindir.

​Əslində bu, gerçəyin özüdü... Bəşəriyyət qadınla kişinin mənəvi və cismani birliyindən, Adəm ata ilə Həvva anamızın izdivacından yaranıb və təbii ki, qadınla kişi ayrı-ayrılıqda heç kim, heç nədir. Yenə də düşünürəm ki, Aysel sualının cavabını verə bilir: - Səsi qulağımı həbs edən sevgilim, yolunu məndən sal...

Bütün qadınlar sevgidən yazırlar, amma onların hamısı sevgili ola bilmirlər. Sevgili olmağı bacaran şair Aysel sevgini də haqq etmədiyi ayrılığı da yaşayır. (Əbədi xoşbəxtlik kimin nəsibi olub ki?)... Ancaq mərdanə yaşayır tərk edilməyin acısını onun lirik qəhrəmanı. Sevgidə azad, içdən gələn səmimi, isti, heç bir təzyiq, aşırı təpkiyə söykənməyən insanca münasibətin tərəfdarıdır bu qəhrəman: “Səsin yenə qulağımı həbs edib, ayağı sürüşkən sevgilim,” və “Kölgəlikdə dayandıqca sənə yerikləyirəm”- i yazan bir insanın “O”-na, sevdiyinə: “Sevdiyin gün gəl, unutduğun gün gedərsən”... deməsi nə qədər çətindi... Və bu sevən insan nə dərəcədə qürurludu...

Mənə yasaq olan insan, hardasan?

Ətim ürpənir yoxluğuna inandıqca.

Kölgəlikdə dayandıqca sənə yerikləyirəm.

Hisli-paslı reallığın içində

gəlişini sayıqlayıram.

Istəmirəm nə ana, nə qadın olmaq sənsiz.

Sənsiz adam da olmaq yaramır işə...

“Sən mənim hər şeyimsən”- deyə hayqıran bu misralar Türkiyənin məşhur söz və bilim adamı, Qarabağ əsilli Yavuz Bülənd Bakiləri – “Şaşırdım kaldım iştə” şeirindən çox sevdiyim şairi xatırlatdı və həmin əsərin misraları yaddaşımda bir daha təzələndi:

Şaşırdım kaldım iştə, bilməm ki, neimsin?

Bazen kız kardeşimsin, bazen

öpöz annemsin.

Sultanımsın susunca, konuşunca kölemsin.

Eskilmeyen çilemsin...

Orada ufuk çizgim, burda yanım, yöremsin.

Beni ruh kibi saran sonsuzluk dairemsin

Çaresizem çaremsin.

Şaşırdım kaldım iştə, bilməm ki, neimsin?

Və “Səndən o yana heç nə yoxdur deməsəm, bil ki, səndən o yana heç nə yoxdur”... dərəcəsində sevir Ayselin lirik qəhrəmanı... O, bağlandığı hər kəsi, hər şeyi bu dərəcədə, var - gücü ilə tükündən - dırnağına qədər sevir və dəyərləndirir, hətta həyat adlı yeni sevgilisini də:

Canın çıxacaq qədər çabanın məzmunu ,

Həyata var-gücünlə bağlanmağının sonu,

Tükündən - dırnağına qədər sevməyindir.

Durduqca dağılan, dağıldıqca daşınan

Xoşbəxtliyindir...

...Necə oldu bir anlıq, birdən necəsə oldu,

Səni yanımda istədim

sonra üzümü çevirib unutdum.

Yalan deyirəm, unuda bilmədim.

Sən hamıdan gec gəldin, hamıdan tez getdin.

Həmişə belədir,

ən çox sevilənlər ən tez gedənlərdir...

Və ömürdən ən tez gedənin “sənsizlik” yarası ən dərin olur, yeri isə boş qalır, onun kimi başqa bir kimsəni sevmək mümkünsüz olur...

Məhəbbətsiz keçən ömür qışın sazağı kimidi, sopsoyuq... “Sevgisiz yaşanan gecə buz kimidi. Buz kimi yalanların doğulduğu gecə xəyanət yuvasıdı.” Ağrısı, boşluğu böyük qəlbində belə düşüncələr yer alan günümüzün yazarı “özünə dirsəklənib yaşayır”. “Vətəndaş duruşlu adamları bol olan, amaclar olmayan bir ölkədə, ayaqlarının deyil, buz kimi yalanların və xəyanətlərin üstündə yeriyir”. Onun qəhrəmanı çoxlarından fərqli olaraq bu xəyanətlərin ruhunda doğurduğu acının, pessimizmin və yalqızlığın boz rəngini (onun düşüncələr aləmində gecənin səssizliyi, sükut rəngsizdi, yaxud boz rəngdədi) dəyişə bilir. Bəzən yalqızlığı, tənhalığı acgözlüklə yaşayır, elə darıxır ki, qaranlığı gözlərinə təpir, bəbəklərinin qaralığı gecənin qaranlığına qarışaraq bir-birinə yaraşır və gecənin darıxan yeri gecə ilə qolboyun olan, bu yalnızlıqda sevdiyini anlayan və anan o olur. Bu da həmin fikrin fərqli, yalnız özünəxas ifadə yolu:

Küləyin altında düşünürəm,

baxsana halıma, səni gözləyirəm.

Gələnim, gedənimsə

bir solğun sabah, bir yazıq gecədir.

Kim deyərdi?

Küləyə bürünüb gözləyəcəm,

donacam bir gün qışdan öncə,

Səni sevdiyimi anlayacam...

Ayselin şeirlərində sakitlik, səssizlik, sükut, tənhalıq, yalqızlıq, təklik və...bir də uçuq qəlb anlayışı xüsusi məna kəsb edir. Yenə də ənəvilikdən qaçır o, sınıq qəlb, yaralı qəlb və s. demir, məhz bərpası, sağalması mümkünsüz olan uçuq qəlb yazır...

Gün, kim anlar ki, bizi,

kim ağlar ki, bizimlə?!

Kim sevər ki, bizi bu uçuq qəlblə?

Biz kədərin qohumlarıyıq,

bu çal-çağır ölkəsində

Kimə lazımıq?!

Bu tənhalıq, yalqızlıq və kədər bəzən qəlbini sıxıb darıxdırsa da, çox vaxt xoş gəlir ona... Ruhundan qopan şeirlərinə, yazılarına görə, onlara hətta minnətdardı. Bu yazılar məhz həm də dost olduğu tənhalığının, yalqız, yalnız özü ilə təklikdə qaldığı anların, darıxdığı məqamların və... gecələrin məhsuludu...

Darıxdıqca

ruhumda quruyan arzularımla

təkbətək qalıram...

Nə yaxşıdır təklik...

Gedim özümə qarışım...

mənimlə nə yaxşıdır,

nə yaxşıdır təklik...

Onun təsvirində kədər bir obrazdı və ifadəsi də tamam fərqli biçimdədi... İnsan ömrünün illəri bir-birini əvəzlədikcə yaş üstünə yaş gələr, qocalığına bir addım daha yaxınlaşdığını düşünən insanın, təbii ki, təəssüfdən doğan göz yaşları içinə axır əksər halda...Hər yaşında axıb içinə dolan bu göz yaşları İnsan qocalanadək dopdolu bir kədər olur. Və Ayselin lirik “mən”i yaşlanana qədər ömür yollarında onunla qoşa addımlayan kədər yaşlı bir kədərə dönür...

“Boşluq”, “yoxluq”, “yoxsulluq” anlayışları isə onun sərbəst poeziyasında xüsusi bir anlam daşıyır, insan qəlbində assosiativ duyğular yaradır... Vaqif Səmədoğlunun qəhrəmanı şair Moşu Göyəzənli “xoşbəxtlik”sözünə qafiyə axtarırdı, Aysel isə “boşluq” sözünün antonimini... Fərq orasındadır ki, şair Moşu “xoşbəxtliyin” sinonimini tapa bilmir, Aysel isə əksinə antonimini tapır, yozum isə çılpaq bir həqiqətdi: Atın önünə ət, itin önünə ot qoyulan və nəticədə onların gözlərinə haqq yox, aclıq görünən bu dünyada xoşbəxtliyin də, boşluğun da antonimi elə boşluqların bolluğudur:

Hər şeyə inanmasaq, olmayacaqlar

olacaqlar kimi olmazdı,

Olanı olmayan kimi anlamazdıq.

Bu qarışıqlıq yaranmazdı,

boşluğun antonimini bilərdik...

Doluluqmudur əcəba?

Boşluq-doluluq, doluluq-boşluq,

Nə hansı, nə nədir, baba?

Hansı çox, hansı azdır?

Bir onu bildim ki, bu olaylı dünyada bolluqdur.

Boşluqlardan boluq...

Lakin bu anlayışın digər yozumu da yaddaşında ilişib qalır. Əslində boşluqların bolluğunu yaradanlardan birini diqqət mərkəzinə gətirir, dünyanı qurub-yaradan insanın içərisi boşdursa, demək dünyanın özü də boşluqlardan ibarətdir.

​“Əsil dost dar gündə tanınar,” ata sözünün fikir yükü üzərində boy verən “Yoxsulluq” şeirini həyəcansız oxumaq mümkün deyil. “Yoxsulluq” onun üçün nə Allahı tanımaq, nə dünyanı anlamaq, nə onu dadmaq, nə qanmaq, nə qürurlu olmaq, nə çalışmaqdır. Onun üçün:

İnsanın dar günüdür yoxsulluq,

Hər şeyi, hamını tanıyan günüdür

Eşitdiyi maşın səsinin, gördüyü insan kölgəsinin,

beyninə dolub içini boşaltmasıdır,

tənhalığının artmasıdır.

ola biləcəklərin “yoxdur” nidasıdır!

“Yox” qanunudur yoxsulluq,

“Yox”dur, yox...

Yoxluqlardan, problemlərdən bezəndə, həyatın çəkilməz ağırlıqlarından, insanların anlamsızlıqlarından, yersiz söz-söhbətlərindən yorulub usananda “Heyf ki, anlayacağın qədər deyə bimirəm və heç o qədər danışmaq da istəmirəm, beynini yorma, yorulmaq qədər üzmür adamı heç nə, kimdən və nədənsə küsüb-inciyəndə sanki İçində bir arzu göyərir: ”Tanrı sizə xərcləməyə o qədər pul, görməyə o qədər iş versin ki, bizim işimizə qarışmayasız, Getməyə yeriniz bol olsun, bizə hərdən gələsiz, ərə verməyə, evləndirməyə çoxlu övladınız olsun, bizə yetişməyəsiz... “Mənə toxunmayın deyir... Mənim ki:-

Sizinlə ortaq heç nəyim yoxdur-

torpaqdan, havadan başqa.

Sizinlə oxşar heç nəyim yoxdur-

Doğulmaqdan, ölməkdən başqa.

Beləcə, Ayselin poetik fikir dünyasında düşüncələr, fikirlər sanki qanadlanaraq çərçivələrdən, basmaqəliblikdən sıçrayıb çıxır, azadlığa atılır. Fikrin azad formada təqdimi şairə yeni ifadə imkanı verir... Ayrı-ayrı insanlara və şəxsiyyyətlərə həsr etdiyi ithaf şeirlərində də oxucu ənənəviçilikdən sıçrayıb çıxmanın şahidi olur: “Nənəmdən sonra yazıldı”, ”İzelimin şeiri”, ”İradə üçün”, ”Aysel Əlizadənin Alikə yazdığı şeir”,”Güzgüdəki adamın şeiri”,”Anara yazılıb” “Mövlud Süleymanlıya” və s.

Onun şeirlərində təzahür edən fikir yükü bir sıra misralarını sanki aforizm səviyyəsinə qaldırır: “İçindəki xarabalıq insan əlinin zəhmətidir”, “Kiminsə ağılsız olduğunu söyləmək bunu sübut etməkdən asandır”, “İnsanlardan ibarət kolleksiyaya bənzəyir ömür”, “Qaranlıqdan qorxmamaq güclü olmaq deyil”, “Boşluğu doldurmaq üçün, ağlamaq da olar, ağlamamaq da. Ağrımaq olmaz”, “Unudulanların ahı yeni adamların köhnə günahıdır”, “Darıxmaq yaxşıdır heç nə olmayanda, yaşamağa heç nə qalmayanda darıxmaq lazımdır”, “Mat rojayka doğan anadır, İçinə adam yerləşdirən qadın tanrıyla şərikdir. Qadın Tanrıya adam yaratmaqda kömək edir”, “Anladım ki, bütün qadınlar qocalanda nənə olmurlar”... kimi müşahidələri sərrast və uğurludur. Bu müşahidələr poetikləşəndə, şeir nümunələrinə çevriləndə yaddaşlara həkk olunur... “Anladım ki, bütün qadınlar qocalanda nənə olmurlar” deyimi də belə müşahidələrin məhsuludu... O, küçədə dilənçilik edən qoca, yoxsul qadının halına acıyır. Bioloji nənə olmayan bu qadına uşaqlar belə “nənə” deyə müraciət etmirlər, çünki uşaqların anladığına görə, nənə dilənçilik etməz, nənə evinin, ocağının, ailəsinin ağbirçəyi olar...

Və ən nəhayət, Ayselin “Göydən gələn qonaq” şeiri barədə düşüncələrimi sayğıdəyər oxucularımla bölüşmək istəyirəm... Bizləri həmişə inandırıblar ki, bütün mələklər, peyğəmbərlər göydə bərqərar olur və yeri-göyü, dünyanı bir “Ol!” əmrilə yaradan Allah da məhz göydədir... Bu inanclara uşaqlığından bəri bəlkə də hər gün göydən gələn qonağa üz tutaraq: - Sən ki, gəldin, masamın üstündə qələmimdən başqa heç nə görmədin, sevgilimizi isə yerində tapmadın... Bu fikrinin izahını isə yazdığı başqa bir şeirdə verir:

Qoluma “Yoxdur” sözü yazıldı bir zaman,

fikir verməyib sildim, hər şey yoxa çıxdı,

o vaxtdan, Alın yazım qoluma yazıldı.

O vaxtdan masamın üstündə qələm var,

o vaxtdan yazıram, bacardığımı qoruyuram,

bacarmadığım əldən gedir...

Bir halda ki, yerin-göyün, dünyanın yaradanı, olan və olmazın, hər şeyin sahibisən, ya İsasansa, ya da başqa bir müqəddəs, o zaman əldən gedən nəsnələrimi, itən xoşbəxtliyimi geri qaytar, mənə 40-cı qapının açarını ver!..