Məmməd Qədir - Sevdası zalım

Ədəbiyyat 12:12 / 08.01.2026 Baxış sayı: 989

 

Bilməm nə bəladı düşmüsəm, ey dil,

Əhd-peyman edəli bir cümə deyil,

Ölmüsəm, qalmışam, vecinə deyil,

Yenə min gümana uçur xəyalım, -

Sevgilim əzazil, sevdası zalım!

 

Cana can alıram mən nəfəsindən,

Çiçəyim çırtdayır incə səsindən,

Sallanıb qalmışam bir kəlməsindən,

Bahar havası tək dəyişir halım, -

Sevgilim əzazil, sevdası zalım!

 

Sevgilisi ölür, xortlayır demir,

Könlünün süsəsi çatlayır, demir,

Həsrətdən ürəyi partlayir demir,

Bilmirəm məhv olum, bilmirəm qalım,

Sevgilim əzazil, sevdası zalım!

 

Sevgim bir güzgüdü, ləkəm yoxdu, yox,

Mənim tək qırılan, çökən yoxdu, yox.

Həsrəti şair tək çəkən yoxdu, yox,

Bilmirəm başıma nə daşı salım, -

Sevgilim əzazil, sevdası zalım!

 

Söz verdin, həsrətlə cəng edəcəksən,

Ayrılıq odunu səngidəcəksən,

İmkanın olanda zəng edəcəksən,

Xəttin bağlıdısa , gözlə, mən çalım, -

Ay insafı qəddar, ay qadan alım!

Sevgilim əzazil, sevdası zalım!