Könül Nuriyeva - Əgər rəng tapsaydım sənə,

Ədəbiyyat 09:15 / 05.11.2025 Baxış sayı: 887

Əgər rəng tapsaydım sənə,

bənzədərdim kədərə

qara adlandırardım səni,

ağara bilərsənmi, birlikdə açılaq səhərə?!

Bu gün də gəlmədiyinçün

təkbaşına çıxıram şəhərə

gecənin tən yarısı

heç dayanmır bu aralar,

ürəyimin ağrısı…

dağılıb üstümə xatirələrin hamısı!

Səninçün oyunlar maraqlı,

bu sənsən də, günah adlı,

görəsən, oyunlar qurtaracaq?

görəsən, yağış çoxmu qalacaq

saçımdan aslı?

Payızdır, bilirəm,

bekarçılıqdan arzularımı silirəm,

bu gecə, bu yağışın altında

adın dilimdə ölürəm…

Gərək qara rəngləməzdim səni,

gərək kədərə bənzətməzdim,

gərək yalançı olardım,

nə bilim, günəş deyib keçərdim

yüz adamın içindən səni yox,

ən gülərüzlü oğlanı seçərdim…

Qüssə əl gəzdirir üzümdə,

qoyur silinməz naxış,

çox islanıb üst-başım, üzüm də,

bəlkə mənə düşür ən böyük alqış?

bəlkə öləndən sonra bu yağışın altında

sevgi oxuyacaq hər kəs,

hər atdığım izimdə…?!

Dayanmır bu çiskin, getmir duman

tapa bilmirəm yolu,

itirmişəm çox güman.

Görəsən, yenə gitara çalır o oğlan?

Çalmasa, yağış dayanacaq?

Düz ürəyimə düşür ən böyük damcı,

qəribədir, ilk dəfə görürəm,-

demə ağlayarmış yağış da acı- acı…!

Bu şəhərin dəcəlliyinin tapılıb əlacı

bəlkə buna görə

bizi, -yəni ikimizi

edib başının tacı?!

Mən islanmışam,

qəlbimi küçədə qoyub gedirəm,

sənə demək istədiklərimi

yağışı içib deyirəm,

əgər bir də rəng seçəsi olsam,

əgər bir də kiminsə qara gecəsi olsan

yuyar rəngini bir dəli yağış

unut getsin,

yaşadıqlarımız elə bil heç olmamış…

Daha yağış da yorulub vallah,

dua edir,- kömək et, ay Allah!

Adına nə çox şeir yazılır,

elə bil ki, şair deyil yazanlar

bir əzabkeş tayfadır

göyün nəfəsini daraldır,

görən hansı hardadır?

görən, ən çox yazan

nə haldadır?

Allah işimizə qarışır,

kəlmələr göydən asılır,

elə hey yazılır, yazılır…

Hər yağış yağdıqca,

hər şeir yazdıqca

yerdəkilərin sevgi əhdi pozulur.