Aləmzər Sadıqqızından İKİ ŞEİR

Ədəbiyyat 18:13 / 07.12.2025 Baxış sayı: 417

Gözlərimdə batanım...

 

Nə gülən var, nə güldürən,

Bulud kimi yağıram.

Bir kimsəni tapmıram ki,

Köməyimə çağıram...

 

Harda qalıb görən harda,

Əllərimdən tutanım.

Gözlərimi tək qoyubdu,

Gözlərimdə batanım...

 

Nə ömrümə gələnim var,

Nə ömürdən gedənim.

Ürəyimə keçmir sözüm,

Mənim deyil bədənim.

 

Ölsəm, torpağım da yanar,

Uzaqda qərib ağlar...

Heç inanmaz yoxluğuma,

Ahı dağları dağlar!

 

Ha yanıram, qovruluram,

Göy aglayır halıma,

Allah da susub danışmır,

Bu ömürlük lalına...

 

Mənsiz köçübdü bu dünya,

Götürməyib tərkinə,

Heç olmasa dönmür biri,

Ona olan ərkimə...

 

Dörd divardı bir də mənəm...

Bir də gözümün yaşı.

Qayıt gəl daha dözmürəm,

Ətəyindən tök daşı...

7.12.2024.

 

 

Elə çıxıb getmisən...

Elə çıxıb getmisən,

Dönmək yadından çıxıb.

Elə darıxıram ki,

Balam yadımdan çıxıb...

Dünyam elə dağılıb,

Evim pər-pərişandı.

Heç bilmədim nə oldu,

Bunlar niyə yasandı?

Nə doyunca agladıq,

Nə də ki, gülə bildik

sənsiz nə yaşadıq biz,

Nə də ki, ölə bildik.

Yuxuma gəldiyin gün,

Çırpınıram, dururam...

Sabahdan axşamacan,

Varımdan yox oluram.

İki körpə balamın,

Gözü yollarda qalıb.

Nə ata var, nə ana...

Hər yanımı dərd alıb.

Ürəyim sınıq -sınıq,

Könlüm yara-yaradır.

Bilmirəm kimə sorum,

Axı bu nə bəladır!

Getdiyin yer uzaqmı...

Gül balam,nakam balam,

Ay baladan nigaran,

Ay bəxtindan kəm balam...