ÖMRÜN YÜZ İLİ GEDİB- yazdı Nazim Əhmədli
Axı, ürək neyləsin,
ürək üzülüb gedib;
həsrətim çox inciyib,
ağzı büzülü gedib;
dərd var, ilmə-ilmədi;
sökülüb tökülmədi;
mən saxlaya bilmədim,
ruhum küsülü gedib;
qələm çalan kimiydi,
mürəkkəbi kəmiydi;
ömür-gün su kimiydi,
axıb, süzülüb gedib;
çoxdu, dərdin qırçını,
yorur yolu, yolçunu;
çiynimdəki xurcunun,
ipi, qəzili gedib;
yol gedib yorulmuşam,
gün vurub, qaralmışam;
yatıb harda qalmışam,
ömrün yüz ili gedib.
07.12. 25