Firuz Mustafa - “Süpürgəçi müsabiqəsi”
(dialoq)
-Cənab rəis, məni müsabiqənin nəticələri maraqlandırır.
-Hansı müsabiqəni deyirsən?
-“Süpürkəçi müsabiqəsi”.
-Sən fil qulağında yatmısan, müsabiqə artıq başa çatıb. Müsabiqədə üç süpürgəçi qadın iştirak edirdi. Biri elə birinci mərhələdə ilişdi. İkinci isə “şifahi sorğudan” keçə bilmədi.
-Bəs üçüncü konkurent necə?..
-Baxıram, onun sənədləri qaydasındadır. Özü də hər iki mərhələni keçib. Amma...
-Nə “amma”?
-“Amması” budur ki, hələlik bir “adamı”-filanı üzə çıxmayıb. Onunla maraqlanan, zəng edən də yoxdur... Mən bunu sənə ürəyim qızındığına, yaxın səninlə qohum olduğumuza görə deyirəm ha. Düzü, bir az ehtiyatlanıram.
-Siz nədən ehtiyatlanırsız?
-Bura bax, sən bilmirsən ki, onun müxalifətdə yaxın adamı- zadı var, ya yox? Əgər varsa, bu, düzələn məsələ deyil.
-Xeyr, yoxdur. Ehtiyat etməyin... Əksinə, məncə, o süpürgəçinin iqtidarda xeyli qohumu var.
-Elə isə, bu, heç mümkün olan iş deyil.
-Niyə ki?
-Çünki sonra mənə irad tutacaqlar ki, o nə işdir elə onu ora götürmüsən, bir düz-əməlli vəzifə tapmadın verməyə? Qəti olmaz.
-Bəs nə edək? Aləmi zibil basıb. Süpürgəçi götürməyək?
-Eybi yoxdur, təzədən müsabiqə elan edərik. Özü də yazarıq ki, yaşı otuzu keçməmiş gözəl qadınlar olsun. O qadınsa artıq qırxı keçib...
-Qorxuram onda da deyələr ki, bunlar süpürgəçi axtarmır, gözəllik müsabiqəsi keçirirlər.
-Nə deyirlər desinlər. Biz də deyərik ki, düşmən qüvvələr bizə şər və böhtan atır.