Kəmaləddin Qədim -BURDAN AYRILIQ KEÇİB...
Bu yerin tənhası tək,
təki kimi tək yoxdu,
Çiçəyinin üstündə
arı var, pətək yoxdu.
Yapışmağa bir yaxa,
tutmağa ətək yoxdu
Burdan ayrılıq keçib...
Nə gündədi ev-eşik,
nə gündədi çöl-bayır,
Keçib sən saydığından,
fələk saydığın sayır.
Ürək xaraba qalıb,
üstdə bayquş ulayır
Burdan ayrılıq keçib...
Həyətdəki quyunun
yaman bulanıb suyu,
Bağlı qapının üstdə
hörümçək tor toxuyur.
Dörd yan sarılıq tutub,
dörd yan payız qoxuyur
Burdan ayrılıq keçib...
Çox da ki ocaq sönüb,
kül altda közü qalıb,
İtibdi al-əlvanı
rənglərin bozu qalıb.
Başda dumanı, bir də
udmağa tozu qalıb
Burdan ayrılıq keçib...
Yolçusunu itirib
arzuların yolları,
Elə uzalı qalıb
istəklərin qolları.
Bardaş qurub dərd- qoca,
yanında həsrət- qarı
Burdan ayrılıq keçib...