Aqşin Yenisey - Mən qalım...
Mən qalım,
məni atıb getdiyin yeri apar özünlə
Mənə yalan ver, saxlayım, sirri apar özünlə
Soyduq şair Nəsimini, büküm verim isti-isti dəri apar özünlə.
Bura geriylə doludu, bir az sənə də pay qoyum geri, apar özünlə.
Qorxma batmaz ayağına, o tikanlar mənimdi
Batsa belə yenə qorxma, hər tikanla səndən axan səssiz qanlar mənimdi.
Harda ölü görsən mənəm, burda ölüb atıldığım bütün yanlar mənimdi.
Düşün ki, bir şəhərdəsən, əcəllər başqasınındı, çıxan canlar mənimdi.
Öldürməyə aparırlar? Niyə belə ağzınacan doldurublar vaqonları
Kim gələrdi bu dünyaya görsəydi bu sonları?
Kim gözəllik əmri verib, kimin əmrinə tabedi gözəllik salonları?
Görən kim xilas edəcək doğulandan ölənəcən adı yalnız “onlar” olan onları.
Bura minillik şəhərdi, küləyi yeraltında əsir
O adamdı daşa dönüb, min il əvvəl alacağı rədd cavabına tələsir.
Zamanın üstünə aşıb, içi tanrı dolu qəsr
Bircə məni sağ saxlayıb yeraltında
min il uzaqlardan gələn köhnə səsin.
Mən qalım,
məni atıb getdiyin yeri apar özünlə