İbrahim İLYASLI - Eləmə...

Ədəbiyyat 13:13 / 07.12.2025 Baxış sayı: 428

Eləmə...

Sevdiyim, birdən mənə

Vurularsan, eləmə....

Eşq yolu – Saman yolu,

Yorularsan, eləmə!

 

Bu sevdanın səfası

Cəfasından zor olur.

İçində açan çiçək,

Kürəyində qor olur.

 

Gecə-gündüz dediyin

Bir-birinə qarışır.

Əllərin çaxmaq çəkir,

Və ürəyin alışır.

 

Adam özü özünə

Belə zülüm eləməz.

Çəkib öz ciyərini,

Dilim-dilim eləməz.

 

Aman ver, bir mən olum,

Bir də o - Saman yolu.

Nə olar, mən çəkəni

Sən çəkmə, fədan olum.