Əlizadə Nuri - Sobadakı qış

Ədəbiyyat 18:31 / 07.12.2025 Baxış sayı: 344

 

Haçan çağırım axı,

Allah məni eşidə?

Bu yeli yaradıb ki

Çiçəkləri üşüdə?

 

Yay da soyuqdu indi,

Sobadakı qış kimi.

Yolu elə gedirik-

Yol da yol azmış kimi..

.

Dağa çıxmaq istədim,

Dumana dəydim, ana.

Korun duası kimi

Divara dəydim, ana.

 

Çağır çalsın bu qəmi-

Çağır, kaman yeridi.

Üfüqdəki qızartı

Yoxsa ki, qan yeridi?!

 

Kədərə daş atıram,

Özümə dəyib keçir.

Hamı keçir yanımdan,

Məni görməyib keçir...

 

Əlində gül dəstəsi,

Keçir dəstə adamlar.

Boyundan da kiçikmiş

Boyu bəstə adamlar.

 

Nə haqlı var, nə də haqq,

Kim dünyanı dar edib?

Bir gün eşidəcəyik-

Allah intihar edib...