QURBAN ƏHMƏD ,YAZIÇI: - ANAMIN TOXUDUĞU YUN CORAB
(hekayə)
1993-cü ilin mart ayı idi. Bayrama lap az qalmışdı. "Novruz" bayramını hər kəs öz bölgəsində necə keçirdiyindən danışırdı. Mən bir az kənara çəkilib anamın gözəl naxışlarla toxuyub, mənə göndərdiyi yun corabları, qoltuq cibimdən çıxarıb burnuma tutdum. Corabları qoxlayıb pıçıltı ilə: - Ana, sənin əllərin bu corabları toxuyub, nəfəsin hər ilməsinə dəyib. Mən necə bunu qıyıb ayağıma geyinim? Yox, heç vaxt geyinə bilmərəm. Mən bu corablardan sənin ətrini alıram, axı, - dedim.
Bu vaxt düşmənin atdığı qrad mərmiləri hərbi hissəmizin dörd bir yanında partlamağa başladı. Komandir və əsgərlərimiz tez səngərlərə girdilər. Mərmidən qopan qəlpələr yan-yörəmizdən vıyıltı ilə keçirdi. Qəfildən başlanan döyüş şiddətlənirdi. Erməni azğınlarının səsi lap yaxınlıqdan eşidilirdi. Biz mühasirədə idik. Komandir bizə güllələrdən qənaətlə istifadə etməyi tapşırdı.
Qaranlıq get-gedə çökürdü. Biz səngərlərdə dayanıb nə vaxt hücuma keçəcəyimizi gözləyirdik. Elə bu vaxt komandir hücum əmri verdi. Düşmənin mühasirəsini bir tərəfli yarıb onların arxasına keçdik. Kömək gələnə qədər kiçik quruplara bölünüb müqavimət göstərməyə başladıq.
Biz yeddi əsgər döyüşə-döyüşə çox irəli getmişdik. Qaranlıq olduğuna görə əsgər yoldaşlarımızdan aralı düşdüyümüzdən xəbərimiz belə olmamışdı. Səs-səmir də gəlmirdi. Ona görə də kolluğa çəkilib səhərin açılmasını gözlədik.
Hava işıqlaşanda suyla dolu kanala yaxınlaşdıq. Ətrafda heç kəs yox idi. Kanalın çirkli suyundan içib özümüzə gəldik. Hamımız çaşıb qalmışdıq. Hansı səmtə gedəcəyimizi bilmirdik. Hamımızın "Qələ" dediyimiz salyanlı Allahverdi dedi ki, sizi bilmirəm, amma mən acımdan ölürəm.
Elə bu vaxt xaçmazlı Sirac birdən dilləndi:
- Tüstüyə baxın, təpənin arxasından göyə necə də tüstü qalxır.
Hamımız onun dediyi səmtə tərəf baxdıq.
Tovuzlu Habil dedi:
- Uşaqlar, birdən ermənilər olar, bizə tələ qurarlar ha.
Bakılı Ruslan isə:
- Burdan uzaqlaşmaq lazımdır.
Hamı gözlərini mənə dikib nə deyəcəyimi gözləyirdilər.
Mən dedim:
- Uşaqlar, baxın, görək neçə gülləmiz qalır? - Məndə biri qalıb, - deyə əlavə etdim.
Hər kəs öz gülləsinin sayını deyəndən sonra, bildik ki, 37 gülləmiz qalıb.
Mən məsləhət gördüm ki, iki nəfər tüstü gələn tərəfə gedib vəziyyəti öyrənsin.
Elə bu vaxt uşaqların mənə baxdığını görüb, dilləndim: - Biri mən özüm, - dedim.
"Qələ" dediyimiz oğlan da ucadan dilləndi: - Biri də mən!..
Biz paltarlarımızı çıxarıb su kanalını keçməli olduq. Suyun səviyyəsi yüksək olduğu üçün, paltarlarımızı avtomatlarımızın ucuna bağlayıb yuxarı qaldırmışdıq ki, islanmasın.
Kanalı keçəndən sonra geyinib təpəyə tərəf sürünməyə başladıq. Təpənin o biri üzündə alaçıq qurulmuşdu. Tüstü həmin alaçıqdan gəlirdi. Alaçıqdan bir xeyli kənarda mal-qara, qoyun-quzu otlayırdı.
Qələylə mən qalxıb alaçığa tərəf getdik. Alaçığın arxa tərəfində kök bir arvad ocaq qalayıb, yuxa yayırdı. Oxlovla yuxanı saçın üstünə atır, qızarandan sonra da götürürdü. Arada da ocağın altındakı çırpını irəli itələyirdi ki, ocaq gur yansın.
Biz onun yanına gəlib salam verdik.
Arvad bizə tərs-tərs baxıb öz işinə davam etdi.
Yuxaları görəndə iştahımız bir az da artdı. Aclıqdan dizlərimizin taqəti də çəkilmişdi. Dözməyib dilləndim:
- Ay xala, bizim tərəflərdə təndir üstünə gələn adama deyərlər ki, gəl bu çörəkdən bir qismət kəs.
Alaçığın o biri üzündə özünü günə verən yekəpər it bizim səsimizi eşidib bizə tərəf gəldi və hürməyə başladı.
Bu dəfə Qələ dilləndi:
- Ay xala, təpənin o üzündə yoldaşlarımız acından ölür, on-onbeş fətir ver onlara aparaq.
Arvadı elə bil cin vurdu, gözlərini bərəldib ağzı köpüklənə -köpüklənə əsəbi halda:
- Bu yuxaları sizə verincə, bu qara köpəyimə ataram. O məni də, mal-qaramı da qoruyur, - dedi.
Bu məqamda çiyinlərində tüfəng olan iki kişi alaçığa yaxınlaşırdı. Qələ əlindəki silahı yuxarı qaldırıb arvadı vurmaq istəyəndə, mən onun qolundan tutub gələnləri işarə etdim. Sonra üzümü arvada tutub dedim:
- Fətirlərdən satırsanmı, alaq?
Arvad tez cavab verdi:
- Hə, satıram.
Qələ mənə təəccüblə baxdı. Yəni demək istəyirdi ki, pulumuz var ki, alaq?!
Mən cibimdən anamın toxuduğu naxışlı yun corabı çıxartdım. O üzünə, bu üzünə baxıb sinəmə sıxdım, burnuma tutub qoxladım. Gözlərim doldu, anam yadıma düşdü. Qeyri-ixtiyarı pıçıldadım:
- Ana, məni bağışla. Yoldaşlarım acdı axı, onlara çörək aparmalıyam...
Əllərim əsə-əsə corabları arvada tərəf uzatdım. O, corabları tələsik əlimdən qapıb naxışlarına baxa-baxa üç dənə fətir götürüb mənə vermək istəyəndə tez dilləndim:
- O corablara insafdırmı üç dənə fətir verəsən? Heç olmasa, onunu ver.
Bu zaman əli tüfəngli iki kişi süfrəyə yaxınlaşıb hərəsi bir fətir götütüb dürmələyərək ağızlarına basdılar.
Arvad acıqla bizə dedi:
- İstəyirsiniz götürün. Götürmürsünüzsə, rədd olun gedin.
Mən Qələnin üzünə baxdım və çarəsizlikdən fətirləri götürməyə məcbur oldum.
Oradan aralanıb kanalın qırağına çatmışdıq ki, birdən partlayış səsi eşitdik. Arxaya çevrilib baxanda alaçığın yerlə-yeksən olduğunu gördük. Biz ora qaçdıq. Həmin yekəpər arvad parça-parça olmuşdu, o kişilər də ölmüşdülər. Qara köpək isə otlaqdakı mal-qaraya tərəf qaçırdı. Süfrədəki fətirlər də qana bulaşmışdı. Ocaqdan da əsər-əlamət qalmamışdı.
Mənim gözlərim anamın toxuduğu yun corabları axtarırdı. Qələ də uçmuş alaçığın yerinə səpələnmiş şəkillərə maraqla baxırdı. O, əlində tutduğu şəklin arxasını oxuyandan sonra təəccüblə mənə baxıb dedi:
- Bunlar ermənilərmiş ki... Qoymadın, bu köpək uşaqlarını güllələyim. Bu şəkildəki o arvaddı, bunlar da uşaqları.
Şəkili əlimə alıb baxdım, doğurdan da şəkildəki həmin arvadın özü idi. Demək, o, erməni olduğu üçün bizə o cür cavab vermişdi. Bizim çörəyimizə, suyumuza, torpağımıza göz dikən nankor qonşulardan bundan artıq nə gözləmək olardı ki...