Kəramət : - Ölü duyğular, işlənmiş Düşüncə Mərkəzİ

YAZARLAR 18:15 / 10.11.2024 Baxış sayı: 594

 

Bu . MÜASİR ƏDƏBİYYAT DEYİL

YÜZ İL DƏ YAŞASAN, ÖMÜR NƏDİR Kİ?

GECİKMİŞ ARZUYLA TƏLƏSƏN BİR SÖZ .

HƏRDƏNBİR ÖZÜNƏ TƏSƏLLİ VER Kİ...

YÜZƏ DÖZƏN CANIM, YÜZ BİRƏ DƏ DÖZ.

..illər öncənin şeirindən, yaddaşımdan əl çəkməyən bəndin aurasından qurtulmaq üçün onunla söhbət etməliyəm. Deməliyəm ki, adam özünü, həmişə haqlı olduğunu isbata möhtac etməsin gərək..(Sözlərin düzümünü bilərək-bilməyəərək pozuram.)

10 il əvvəlki kimi yaşamırıq ki, ondakı kimi davranaq; ətrafımızla, özümüzlə də. Özümüzü dartıb çıxarmalıyıq keçmişin öyrəşdirilmiş ehkamlarından, həyata yanaşmadan, söz düzümündən də...düzənsiz vaxt-məkan düzənsiz həyatın ifadəsini, yaradıcılığını, sevgisini gətirir.

"Vəfa-həsrət-zad" o-eyni mənanı daşımır ki, dünənki deyil.

80-ci illərdən sonra da MƏKTUB, Poçt göyərçini, Məcnun-Leyliçilik tüğyan elədi.

Belədə dünənin rolunu oynayan ƏDƏBİ DONKİXOT OBRAZININ saçma-sapan təqlidçiliyindən o yana gedə bilmirik.

..elə 80-ci illərdə yazdığım 1990-da kitabımda gedən "Məktub" şeiri var..DI.

Səndən məktub gözləmirəm,

Dəbdən düşüb məktub yazmaq.

zəng eləsən sevinərəm

telefonum yoxdur ancaq.

Leyli də məktub yazıb

sevgidən ölən varmış.

Bir qızın həsrətindən

Bir oğlan şair olarmış.

İndi hərdən xatırlayıb

məni görürsən yuxuda.

Xatirəni lentə yazdır, göndər mənə

Filmə baxım özüm haqda

(və s.)

Əslində, təvəzödən uzaq da olsa, deməliyəm ki, bir epoxanın qapanması siqnalıydı və bizim ədəbi mühit keçmişlə yaşamaqla baş-başa buraxılldı .

2000-ci illərdə məktub yazmırsan ki, "Məktub" şeiri yazasan, imitasiyada, oğurluqdan başqa heç nə alınmaz.

"Qurban olmaq, hələ şeiri də qurban kəsmək, sənsiz ölərəm və s." nağıllarına heç bir normal adam-oxucu inanmır, amma biz israrla zərərli, vaxtı keçmiş duyğuları ətrafımızın damarına yeridirik.

Mənim yaşımda heç kəs məhəbbətdən ölməyib hələ

Mən də ölmərəm,-

günün bədii reallığının, müasir insanı ehtiva edən Camal Yusifzadənin "Mən də ölmərəm" qənaətini bir yana qoyub Azərbaycan nağıllarının "ay yaxamı cıraram, İlahi, bu kimi" hap-gopları ədəbi dövriyyəyə soxmaqla xeyli adamı da xəstələndirdik və əslində, hamı eyni şeiri başqa imzalar altında yazdı, yazır..o qədər xəstələnib ki, xəstələndirilib ki, ədəbi mühit...normal məntiqi-qatığın qara olmadığını da eşitmək istəmir. Hələ üstünə çımxırır da...

Axı belə yaşamır, belə sevmir, belə ayrılmırsan ki.

Ədəbiyyat da beyin mərkəzli hərəkətdi, keçmişə yönəlik deyil.

1500 qram beyində 100 milyondan çox neyron gələcəklə əlaqədə var olur və bu əlaqədə Beyin də işıqlanır.

Nə isə...keçmişi sabaha daşımazlar.

Keçmişlə yaşayan xalqları da bu günlə, sabahla yaşayanlar tapdayıb gedir.