İslam Türkay - NOLA , DÖNÜB UŞAQ OLAM BİRCƏ GÜN

Ədəbiyyat 14:21 / 08.01.2026 Baxış sayı: 751

 

Nola , dönüb uşaq olam bircə gün,

O çağlarım bir də dönə, gələ, off..

Dizin-dizin iməkləyəm,yıxılam,

Anam yenə göz yaşımı silə, off...

 

Quzuları sübh-obaşdan haylayam,

Kərəntiylə çəmən boyu laylayam.

Ulaqları alıqlayam, taylayam,

Üst-başımdan yovşan ətri gələ, off...

 

Harda qaldı o insafsız, çağlaya,

Yenə gəlib gözlərimi bağlaya.

Hörüyünə əl vuranda ağlaya,

Sonra qaçıb gülümsünə, gülə, off...

 

Mən gecikdim,o, yamanca tələsdi,

Köçüb getdi , ürəyimdə tel əsdi.

İstəyimə belə qara yel əsdi,

Urcah oldum bir zəhrimar dilə off...

 

Çox öyündüm qəlbimdəki dözümnən,

Ağ bayraqtək yaş ələndi gözümdən.

Böyüdükcə aralandım özümdən

Axır düşdüm bu dəlisov selə, off...

 

Bu həyatdı--hər addımı yarışdı,

Arzularım taleyimlə barışdı.

Yaşamağa başım elə qarışdı,

Ömrü-günü yaman verdim yelə, off...