İmarət Cəlilqızı    : -  Çünki oldun yazıçı, çağır, gəlsin nəsr də, nəzm də

YAZARLAR 11:40 / 27.02.2026 Baxış sayı: 635

 

  İllər boyudur, dilimizdə çox yanlış bir ifadə hökm sürməkdədir -- ədəbiyyat tarixi ilə bağlı məqalələrdə, qəzet və jurnal səhifələrində, radio-televiziya verilişlərində ədəbi dilimizin işlədilməsi ilə bağlı bir sıra digər nöqsanlarla yanaşı, tez-tez "şair və yazıçılarımız" şəklində bir bölgüyə də rast gəlirik. Əksəriyyətimiz də  anlayırıq ki, bu bölgüdə "şair" sözü altında nəzm, "yazıçı" sözü altında isə nəsr yazan müəlliflər nəzərdə tutulur. Amma bu, tamamilə yanlış bölgüdür, çünki nəzm yazanın da, nəsr yazanın da peşəsi yazmaqdır və peşəsi yazmaq olana da yazıçı deyilir.

 Bölgü ("bölgü" deyəndə aydındır ki, kəskin bir fərqdən deyil, şərti bölgüdən gedir söhbət) əslində belə olmalıdır: şairlərnasirlər ( misal olaraq: rus dilində "поэты и писатели" deyə bir bölgü yoxdur, yazarlar "поэты и прозаики" deyə fərqləndirilir).

 Mətləbi, necə deyərlər, innovativ şəkildə bir növ sillogizmlə də ifadə etmək  mümkündür:

 

1. Bütün şairlər və nasirlər yazıçıdırlar;

2. S.Rəhimov nasir, Ə.Vahid şairdir;

 Nəticə:  Deməli, S.Rəhimov da, Ə.Vahid də yazıçıdırlar.

 

 Təbii ki, dramaturqlar da yazıçıdırlar, amma hər bir dramaturq seçdiyi formadan asılı olaraq eyni zamanda həm də nasir və ya şairdir, yəni ya nasir-dramaturqdur, ya da şair-dramaturq.