Əbülfət Mədətoğlundan ÜÇ ŞEİR
Yenə cinləri oyanıb
İmkan vermir nəfəs alım...
Ürək çırpınmır - dayanıb
Onu necə işə salım?!
Qarşımda dərman - bir xışma
Başımda dolaşıq fikir...
Gözüm sancılıb tavana -
Sükutun düyməsin tikir...
Üstümdən dəvə səbriylə
Xatirə karvanı keçir...
İşaran ümid işıqlar
Səssizcə və bir- bir keçir...
Bu an ruhum da göynəyir -
Qıc olan barmaqlar sıxır...
Kimsə adımı söyləyir-
Yarılır bulud - Ay çıxır...
****
Yenə öz hücrəndəsən
Yenə gözündə kədər...
Necə ola bilirsən ,
Axı, söylə bu qədər -
Yerin , boyat Adamı?!,
Alnının qırışları
Demiyə şum kimidi...
Qurduğun xəyalların ,
Sovrulan qum kimidi -
Yerin , boyat Adamı!..
Səsin - ilməsi qaçmış,
Əlin - titrəyən yarpaq...
Ümid yerinə açmış ,
Sənə qolların torpaq -
Yerin , boyat adamı!
***
Sahillə səhər söhbəti...
Zənci rəngindədi -
Qaralıbdı əsəbdən...
Sahil boyu
Nə dalğa var,
nə ləpə...
Bilmirdə ki, başına
Haranın külün səpə-
Qurtara bu əzabdan-
DƏNİZ!..
Qağayılar da
Qara don geyib,
Bircə
Dimdikləri
Qızarır...
Bir də ,
artan
Qarğaların səsindən
Budur duyulan-
Boyu qısalır,
Utandığından
Əvəzimizə
DƏNİZİN!